BAKI, 20 iyul. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, yeni qaydalara əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər bu təminatları ödəməkdən azad olunmaq üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Dəyişikliyə əsasən xarici tərəfdaşın ödəniş etməsinin mümkünsüzlüyü müəyyən edildikdə, satınalan təşkilat 10 iş günü ərzində aidiyyəti dövlət qurumuna müraciət göndərəcək. Səlahiyyətli qurum isə 20 iş günü müddətində şirkətin öhdəlikdən azad edilməsi və ya imtina barədə yekun qərar qəbul edəcək.

Qanundakı digər mühüm yeniliyə əsasən, azad edilmə qərarı verildiyi tarixdən sonrakı 12 ay ərzində eyni qurum tərəfindən həmin xarici şirkətdən eyni məhsul və ya xidmət satın alınarsa, yenidən qərar alınmasına ehtiyac qalmayacaq.

Bundan başqa, dövlət başçısı yenilənmiş qanunun tətbiqi və "Dövlət satınalmaları haqqında" 14 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə 19 avqust 2023-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydasını üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.