BAKI, 17 iyul. TELEQRAF
Çətinliklərin aradan qaldırılması, habelə beynəlxalq tövsiyələrə uyğun olaraq daha müasir siyahıyaalma modelinə keçidin təmin edilməsi məqsədilə növbəti mərhələdə iki əsas yeniliyin tətbiq edilməsi məqsədəuyğun hesab olunur.
Teleqraf xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.
O bildirib ki, bunlar inzibati məlumat mənbələrində mövcud olan məlumatlardan istifadə və məlumatların toplanması, emalı, təhlili və yayılması prosesində rəqəmsal həllərin tətbiqidir.
Azər Mursaqulov, həmçinin qeyd edib ki, əhalinin növbəti siyahıyaalınmasında məlumatların toplanması və emalı prosesində səmərəliliyin artırılması məqsədilə müasir texnoloji həllər tətbiq olunacaq. Belə ki, sorğunu həyata keçirəcək sayıcılar müvafiq proqram təminatı ilə təchiz edilmiş planşetlərlə təmin olunacaq, məlumatların kağız daşıyıcılarda deyil, elektron formada toplanması həyata keçiriləcək. Eyni zamanda, inzibati məlumat mənbələrindən inteqrasiya yolu ilə əldə olunan məlumatlar sorğu zamanı planşetlərdə avtomatik olaraq əks olunacaq. Sayıcılara təqdim olunan planşetlər GPS ilə təchiz olunaraq, sayıcıların əvvəlcədən müəyyən olunan hərəkət istiqamətlərinin izlənilməsi təmin ediləcək.