BAKI, 14 iyul. TELEQRAF
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş iyulun 14-də Şuşa şəhərində Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında dostluğa, qarşılıqlı hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğu qeyd edilib.
Kəmaləddin Heydərov slovakiyalı həmkarına Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib.
Görüşdə mülki müdafiə, risklərin qiymətləndirilməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasetmə fəaliyyətinin təşkili və digər istiqamətlərdə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi üçün möhkəm zəminin formalaşdığı bildirilib.
Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok səmimi qəbula görə təşəkkür edib və fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq potensialından istifadənin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.