BAKI, 14 iyul. TELEQRAF
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda söylədiyi fikirlər Azərbaycanın gələcək inkişaf strategiyasının, müstəqil xarici siyasət kursunun və milli maraqlara söykənən dövlət idarəçiliyinin yol xəritəsini ortaya qoydu. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı həm də qlobal fikir mübadiləsinin, beynəlxalq dialoqun və yeni geosiyasi baxışların formalaşdığı nüfuzlu platformaya çevrilib.
Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, dörd il əvvəl əsası qoyulan Şuşa Qlobal Media Forumu bu gün 53 ölkədən media nümayəndələrini, beynəlxalq təşkilatları və aparıcı xəbər agentliklərini bir araya gətirən mühüm beynəlxalq tədbir statusu qazanıb:
“Bu faktın özü belə Azərbaycanın dünyada artan siyasi çəkisinin və Möhtərəm cənab Prezident İlham Əliyevin formalaşdırdığı etibarlı beynəlxalq nüfuzun göstəricisidir. Forum zamanı dövlət başçımızın səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, müasir Azərbaycan regional prosesləri istiqamətləndirən dövlətlərdəndir. Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinə nümayişi informasiya məkanında da Azərbaycanın üstün mövqeyinin göstəricisidir. Ermənistanın darmadağın etdiyi şəhərləri artıq Azərbaycan yeni yaşayış məntəqələrini, məktəbləri, sənaye müəssisələrini və dədə-baba torpaqlarına qayıdan insanları dünyaya nümayiş etdirir. Bu tarixi ədalətin bərpasının canlı sübutudur.
Prezident İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri Azərbaycanın nəqliyyat və logistika mərkəzi kimi artan roluna həsr olundu. Dövlət başçısı xüsusi vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqe ilə deyil, uzunmüddətli strateji baxış, güclü infrastruktur və qonşularla etimada əsaslanan siyasətlə mümkündür. Məhz dövlət başçımızın apardığı siyasətin nəticəsidir ki, Azərbaycan günümüzdə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas bağlantı mərkəzlərindən birinə çevrilib. Xəzər dənizində ən böyük ticarət limanı, genişlənən dəmir yolu və avtomobil infrastrukturu, gəmiqayırma sənayesi və Orta Dəhlizin inkişafı Azərbaycanın geoiqtisadi əhəmiyyətini sürətlə artırır”.
Deputat bildirib ki, enerji təhlükəsizliyi sahəsində Azərbaycanın mövqeyi daha da güclənir:
“Ölkə rəhbərimizin qeyd etdiyi kimi, ölkəmiz artıq 16 dövlətə boru kəmərləri vasitəsilə təbii qaz ixrac edir və bu göstəriciyə görə Azərbaycan dünyada liderdir.
Almaniya və Avstriya kimi yeni bazarlara çıxış, Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi, bərpaolunan enerji layihələrinin sürətlə inkişafı və Qarabağın yaşıl enerji zonasına çevrilməsi Azərbaycanın gələcək onilliklər üçün strateji üstünlüyünü təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini də xüsusi vurğulayaraq bir daha bəyan etdi ki, dünyada bu qədər sıx əməkdaşlıq edən, bir-birinə bu şəkildə sadiq olan ikinci dövlət cütlüyü tapmaq çətindir.

Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib və sözügedən birlik yalnız iki dövlətin deyil, bütövlükdə regionun təhlükəsizliyinin əsas təminatlarındandır. "Bir millət, iki dövlət" prinsipi tarixi və mənəvi dəyərlər, eyni zamanda müasir geosiyasi reallıqdır”.
Günay Ağamalı vurğulayıb ki, Forum çərçivəsində Avropa İttifaqı ilə münasibətlərə dair səsləndirilən fikirlər də xüsusi diqqət çəkdi:
“Prezident İlham Əliyev bildirdi ki, əvvəlki Avropa Komissiyasının dövründə münasibətlərə zərbə vuran qüvvələr artıq siyasi səhnədən gediblər və yeni rəhbərliklə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Son aylarda Avropa İttifaqının ən yüksək səviyyəli rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri məhz bunu təsdiqləyir. Bu isə Azərbaycanın Avropa üçün etibarlı enerji, nəqliyyat və təhlükəsizlik tərəfdaşı kimi qəbul edilməsinin təzahürüdür.
Bunun əksinə olaraq, AŞPA-nın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli münasibət dövlət başçısı tərəfindən faktlarla ifşa olundu.
Cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi Azərbaycanın öz torpaqlarında suverenliyini tam bərpa etməsinə görə ölkəmizə qarşı nümayiş etdirilən qərəzli və siyasi xarakterli münasibətin növbəti təzahürü idi. Azərbaycanın milli maraqları hər zaman bütün beynəlxalq platformalardan üstün tutulacaq və heç bir qurum ölkəmizə diktə dili ilə danışa bilməz.
ABŞ ilə münasibətlərimiz barədə səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Ölkə başçımız Cənab İlham Əliyev bildirdi ki, Donald Tramp administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri tarixinin ən yüksək mərhələsinə yüksəlib. Strateji tərəfdaşlıq, müdafiə, enerji, süni intellekt, rəqəmsal transformasiya və ticarət sahələrində yeni əməkdaşlıq istiqamətlərinin açılması Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsinin göstəricisidir. Eyni zamanda 907-ci düzəlişin artıq tarixi əhəmiyyətini itirdiyi və tam ləğvinin zəruri olduğu bir daha əsaslandırıldı.
Dövlət başçımız Cənab İlham Əliyevin çıxışında diqqət çəkən ən mühüm mesajlardan biri də Azərbaycanın artıq "orta güc" statusuna yüksəlməsi ilə bağlı idi. Ölkə rəhbərimizin qeyd etdiyi kimi, bu status iqtisadi, hərbi imkanlarla bərabər, milli maraqları qorumaq, xarici təzyiqlərə müqavimət göstərmək, regional proseslərə təsir etmək, etibarlı tərəfdaş olmaq bu anlayışın əsas meyarlarıdır. Son illərdə Azərbaycanın qazandığı uğurlar bütün bunları tam şəkildə təsdiqləyir.
Şuşa Forumunda Cənab Prezident İlham Əliyevin səsləndirdiyi digər mühüm fikir isə Azərbaycanın xarici siyasət fəlsəfəsini bir daha ortaya qoydu biz heç vaxt geosiyasi intriqaların alətinə çevrilməyəcəyik. Azərbaycan balanslı, müstəqil və milli maraqlara söykənən siyasət yürüdərək həm Şərqlə, həm Qərblə, həm də qlobal Cənub ölkələri ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığı inkişaf etdirir. Məhz buna görə ölkəmiz bu gün etibarlı tərəfdaş və etibarlı dost kimi qəbul edilir.
Cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi insan hüquqları ilə əlaqəli qərar deyildi. Bu, Azərbaycanın öz torpaqlarında suverenliyini tam bərpa etməsinə görə ölkəmizə qarşı nümayiş etdirilən qərəzli və siyasi xarakterli münasibətin növbəti təzahürü idi. Birlik, milli kimlik, milli ləyaqət və dövlətə bağlılıq Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Bu gün Qarabağın dirçəlişini görən, Zəfərin sevincini yaşayan Azərbaycan xalqı gələcək nəsillərə də məhz bu irsi ötürməlidir.
IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regional gündəliyi müəyyən edən aparıcı dövlətlərdən biridir. Müstəqil siyasəti, güclü iqtisadiyyatı, qalib Ordusu, etibarlı tərəfdaşlığı və milli maraqlara əsaslanan strateji kursu ilə Azərbaycan yeni dünya nizamında söz sahibi olan ölkələr sırasında öz mövqeyini daha da möhkəmləndirir. Şuşadan dünyaya səslənən mesaj bir daha təsdiqlədi ki, Azərbaycanın gələcəyi güclü dövlətçilik ənənələrinə, milli birliyə, müstəqil siyasətə və xalqla dövlətin sarsılmaz həmrəyliyinə söykənir”.