BAKI, 25 iyun. TELEQRAF

Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.​

Teleqraf xəbər verir ki, Bəyannamədə İƏT Parlament İttifaqının Nizamnaməsində təsbit olunmuş məqsədlərə sadiqlik, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nizamnaməsi, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüququn məqsəd və prinsiplərinə hörmət etmək öhdəliyi bir daha təsdiq edilib. Eyni zamanda, dövlətlərimizin qarşılaşdığı çoxsaylı mürəkkəb çağırışları və dəyişən təhlükələri, o cümlədən kiberhücumları, terrorizmi və islamofobiyanın artan təzahürlərini nəzərə alaraq, bu təhdidlərin beynəlxalq sülhə və təhlükəsizliyə, həmçinin dünya üzrə müsəlman icmalarının dinc yanaşı yaşamasına və sosial həmrəyliyinə mənfi təsirindən dərin narahatlıq ifadə edilib.

Bakı Bəyannaməsində qeyd edilib:

1. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyimizi bir daha təsdiq edir, suveren bərabərlik, ərazi bütövlüyü və mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə bağlılığımızı təkrar bəyan edirik;

2. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə, ortaq dəyərlərin təşviqinə, dialoqun, qarşılıqlı anlaşmanın və qlobal çağırışların həllində birgə fəaliyyətin inkişafına töhfə verməyə davam edəcəyinə inamımızı bir daha ifadə edirik;

3. Terrorizm və ekstremizmin heç bir din, irq, etnik mənsubiyyət və ya milliyyətlə əlaqələndirilə bilməyəcəyini vurğulayır, terrorizm və ekstremizmin bütün forma və təzahürlərini beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid hesab edərək onları qəti şəkildə pislədiyimizi bir daha bəyan edirik;

4. Fələstin məsələsinin bütün İslam ümməti üçün mərkəzi əhəmiyyət daşıdığını və Fələstin xalqının ayrılmaz hüquqlarına, ilk növbədə isə onların … hüquqlarına dəstəyimizi bir daha təsdiq edirik.

5. Fələstin xalqının öz torpaqları daxilində və ya xaricində məcburi köçürülməsinə yönəlmiş planları, habelə istənilən formada və istənilən şəraitdə və ya bəhanə ilə həyata keçirilən məcburi köçürülmə, sürgün və deportasiya cəhdlərini qəti şəkildə rədd etdiyimizi və onlara qarşı olduğumuzu bir daha bəyan edirik. Bu cür hərəkətləri Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna uyğun olaraq cinayət hesab edir, dövlətlərin suverenliyi və sabitliyinə qəbuledilməz müdaxilə, eləcə də onların təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhdid kimi dəyərləndiririk.

6. Artmaqda olan islamofobiya ilə bağlı dərin narahatlığımızı ifadə edir, din və ya etiqad zəminində törədilən bütün zorakılıq aktlarını, nifrət nitqini və dini ayrı-seçkilikdən qaynaqlanan ekstremizmi qətiyyətlə pisləyirik. Beynəlxalq ictimaiyyəti milli və qlobal səviyyədə ekstremizm, nifrət nitqi, dinlərin təhqiri, mənfi stereotipləşdirmə və insanların dininə, etiqadına və ya etnik mənsubiyyətinə görə damğalanması ilə mübarizə aparmaq üçün təsirli tədbirlər görməyə çağırırıq.

7. Kipr türk müsəlmanlarının öz ayrılmaz hüquqlarını təmin etmək istiqamətində səylərini dəstəkləyir, Kipr probleminin danışıqlar yolu ilə, qarşılıqlı məqbul, ədalətli, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyini vurğulayırıq. Həmçinin onlara tətbiq edilən ədalətsiz təcridin aradan qaldırılması məqsədilə Kipr türk müsəlmanları ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edirik.

8. Cammu və Kəşmir xalqı ilə həmrəyliyimizi bir daha ifadə edir, BMT Təhlükəsizlik Şurasının və İƏT-in müvafiq qətnamələrinə, eləcə də Kəşmir xalqının iradəsinə uyğun olaraq onların öz müqəddəratını təyin etmək hüququna tam dəstəyimizi bildiririk.

9. İlk növbədə Rohinca müsəlman icmasına, eləcə də Myanmadakı digər müsəlman qruplara qarşı törədilən ciddi insan hüquqları pozuntularından dərin narahatlığımızı ifadə edir, bu icmanın əsas hüquq və azadlıqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə çağırırıq.

10. Sahel regionu ölkələri — Burkina Faso, Çad, Niger və Mali ilə terrorizmə qarşı mübarizələrində və qaçqınlara ev sahibliyi etmələrində həmrəy olduğumuzu bəyan edir, bu ölkələrə dəstəyin artırılmasına çağırırıq.