BAKI, 14 may. TELEQRAF
"44 günlük Vətən müharibəsinin nəticəsi olaraq regionda üç əsas istiqamət formalaşıb: Azərbaycan-Ermənistan sülh prosesi, bundan asılı olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və nəqliyyat kommunikasiyalarının açılması".
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada bildirib.
F.Məmmədov dövlət başçısının öz çıxışında tarixi yaddaşı təzələməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Həm Ermənistanda, həm də istər Qərbdə, istərsə də Şimalda bəzi böyük qüvvələr tərəfindən yaxın tarixin təhrif olunması cəhətlərini müşahidə edirik. Fransa Prezidenti Emmanuel Makronun çıxışları, Moskvadakı görüşlər, Avropa parlamentlərində qəbul edilən qətnamələr bunu sübut edir. Hadisələrin hansı ardıcıllıqla bu mərhələyə gəldiyini daim xatırlatmaq lazımdır. Çünki Ermənistanın qapatmaq istədiyi məsələləri digər ölkələr regionda öz təsirlərini saxlamaq üçün gündəmdə tutmağa çalışırlar”.
Mərkəz direktoru Prezident İlham Əliyevin müharibənin aparılma prinsiplərinə dair mesajlarına da diqqət çəkib:
"Erməni lobbisi və onun Qərbdəki, Rusiyadakı, hətta İrandakı havadarları 44 günlük müharibəni və 2023-cü ilin antiterror tədbirlərini təhrif olunmuş formada təqdim etməyə çalışırlar. Cənab Prezident bir daha xatırlatdı ki, müharibə mülki əhaliyə qarşı deyil, necə aparılmalıdır. 2023-cü ilin sentyabrında erməni sakinlərin Qarabağı tərk etməsi zamanı Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe bunun bariz nümunəsidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan böyük dövlətlərin daxil olduqları müharibələrdə milyonlarla insan qaçqın düşür və qətlə yetirilir. Azərbaycan isə məqsədlərini əvvəlcədən elan etdi, onlara çatdı və hərbi əməliyyatları dayandırdı.
Ölkəmiz müharibədən necə ləyaqətlə çıxmağın formulunu göstərdi”.