BAKI, 12 may. TELEQRAF

Böyük Britaniya son 30 ildə olduğu kimi, bu gün də Azərbaycanın ən böyük xarici investisiya mənbəyi olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.

Səfir ölkələr arasındakı iqtisadi əlaqələrin son dörd ildə davamlı olaraq inkişaf etdiyini bildirib:

"Biz iqtisadiyyatın şaxələndirilməsinə - təmiz enerji, infrastruktur, nəqliyyat və peşəkar xidmətlər sahələrinə xüsusi diqqət yetiririk. Azərbaycan üçün nəzərdə tutulmuş 5 milyard funt sterlinqlik UK Export Finance xətti Britaniyanın Azərbaycanın iqtisadiyyatına olan etimadının miqyasını və tərəfdaşlığımızın ambisiyasını əks etdirir".

Diplomat işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərində Britaniya şirkətlərinin iştirakını da yüksək qiymətləndirib:

"Hər dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edəndə yeni inkişafın şahidi oluram. Britaniya şirkətlərinin bu prosesin bir hissəsi olması qürurvericidir. "Chapman Taylor" Qarabağda, Bakıda və artıq Naxçıvanda dünya səviyyəli dizayn və baş planlaşdırma təcrübəsini təqdim edir. bp-nin Cəbrayıldakı "Şəfəq" günəş elektrik stansiyası layihəsi isə həm təmiz enerji, həm də yeni iş yerləri yaradır və Səngəçal terminalının dekarbonizasiyasına töhfə verəcək".

F.Auld minatəmizləmə sahəsindəki əməkdaşlığa da toxunub:

"Britaniyanın minatəmizləmə şirkətlərinin və QHT-lərinin birbaşa töhfəsi ilə fəxr edirəm. Biz bu sahədə qadınların prosesə cəlb edilməsini də fəal şəkildə dəstəkləyirik. Ağdam və Cəbrayılda mina axtaran itlər və siçovullarla tanışlıq fəaliyyətimin unudulmaz məqamlarından biri idi".