BAKI, 12 may. TELEQRAF
Çox sayda istedadlı azərbaycanlı gəncin istər dövlət proqramı, istərsə də bizim "Chevening" təqaüd proqramımız vasitəsilə Böyük Britaniya universitetlərini seçməsindən qürur duyuram.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld jurnalistlərlə keçirdiyi görüşdə deyib.
Səfir təhsil sahəsinin fəaliyyətində hər zaman prioritet olduğunu vurğulayaraq bildirib:
"Mən onunla da fəxr edirəm ki, bu gün bir çox istedadlı gənc azərbaycanlı Böyük Britaniyanın universitetlərində təhsil almağı seçir. Bəziləri Dövlət Təqaüdü, bəziləri isə "Chevening" proqramı vasitəsilə. Ölkələrimiz arasındakı əlaqələr insanları birbaşa birləşdirəndə daha da dərinləşir. Mən özüm Gəncədə bir ailənin yanında qalaraq Azərbaycan dilini öyrənmək imkanı qazandım. Bu, unudulmaz bir təcrübə idi. Britaniyada təhsil alıb qayıdan yüzlərlə məzunla görüşmüşəm və onların həyatını dəyişən təcrübələrini dinləmişəm".
Diplomat Vorvik Universiteti (University of Warwick) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasındakı bərpa olunan enerji üzrə ilk magistr ikili diplom proqramını xüsusi qeyd edib:
"İlk məzunlar iki həftə əvvəl diplomlarını aldılar. Eyni zamanda, "British Council" hər il Azərbaycanda minlərlə ingilis dili müəlliminə və öyrənəninə dəstək göstərir. Biz Azərbaycan universitetlərinin potensialını artıraraq tələbələrin xaricə getmədən beynəlxalq təhsil almasına kömək edirik".