BAKI, 12 mart. TELEQRAF
Müasir dövrdə hərbi əməliyyatların mahiyyəti kökündən dəyişib və dövlətlər qeyri-ənənəvi təhdidlərlə üz-üzədir.
Teleqraf xəbər verir ki, bu barədə Avstriyanın sabiq kansleri Sebastian Kurz XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Sabiq kansler XXI əsrdə müharibələrin transformasiyasına diqqət çəkərək, maraqlı məqamlara toxunub.
O qeyd edib ki, Yaxın Şərqdə cərəyan edən proseslər artıq alışılmış hərbi qarşıdurma çərçivəsindən çıxıb:
"Orta Şərq regionuna nəzər salsanız, görərsiniz ki, İran artıq klassik bir üslubda müharibə aparmır. Terrorçuluğun maliyyələşdirilməsi bir çox qruplaşmaların ideoloji əsasını təşkil edir. HƏMAS və “Hizbullah” kimi strukturlar birbaşa İrandakı rejimdən dəstək alır. Bu, tamamilə fərqli bir mənzərədir və daimi hədəf olaraq qalır".
S.Kurz dövlətlərin bu yeni təhlükə növünə qarşı hüquqi hazırlığının yetərsiz olduğunu vurğulayıb.
Onun fikrincə, bir çox ölkələrin, o cümlədən Almaniyanın qanunvericiliyi hələ də hücum anında adekvat reaksiya verməyə tam imkan vermir:
"Sual doğuran əsas məqam bizim legitim cavabımızın nədən ibarət olmasıdır. Əgər hücum olarsa, ona qarşı əks-hücuma keçmək üçün qanunvericilikdə zəruri dəyişikliklər edilməlidir. Biz imperiyalarla bağlı realistik ssenarilər və problemlərlə qarşı-qarşıyayıq".
Çıxışının sonunda o, Avropa İttifaqı ilə tərəfdaşlığın önəmini qeyd edərək bildirib ki, yalnız güclü və əlaqəli fəaliyyət bu cür qlobal təhdidlərə qalib gəlməyə imkan verəcək.