BAKI, 12 mart. TELEQRAF

Müasir dünyada baş verən köklü siyasi və iqtisadi transformasiyalar fonunda dövlətlərin suverenliyinə hörmət və daxili dialoq regional sabitliyin əsas şərti kimi önə çıxır.

Teleqraf xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

J.Tsviyanoviç çıxışında Bosniya və Herseqovinanın üzləşdiyi xarici müdaxilə problemlərinə toxunaraq, bəzi qlobal güclərin, xüsusilə Qərb elitasının "demokratiya" adı altında tətbiq etdiyi ikili standartları tənqid edib.

O bildirib ki, seçilməmiş xarici bürokratların qanunlar diktə etməsi ölkənin konstitusiya və hüquqi düzənini sarsıdır: "Beynəlxalq nəzarət müəyyən müddət üçün faydalı ola bilər, lakin gündəlik siyasi və məhkəmə işlərinə müdaxilə əks-effekt verir".

Azərbaycanın regionda oynadığı rolu və forumun əhəmiyyətini yüksək qiymətləndirən J. Tsviyanoviç qeyd edib:

"Mən Azərbaycan xalqı ilə həmrəyliyimi ifadə edirəm və Prezident İlham Əliyevin regionda dialoq vasitəsilə sabitliyin təşviqi istiqamətindəki səylərini tam dəstəkləyirəm. Azərbaycanın əldə etdiyi nailiyyətlər və dövlət başçısının təqdim etdiyi perspektivlər hər birimiz üçün maraqlıdır. Bu forum mürəkkəb və təlatümlü dövrlərdə əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edən bir platformadır”.

Jelka Tsviyanoviç vurğulayıb ki, hər bir böhran həm də yeni imkanlar yaradır, lakin bunun üçün fərqli baxış bucaqlarını dinləmək və problemlərin kökünü anlamaq vacibdir.

O, təzyiq, sanksiya və məcburetmə əvəzinə, siyasi nümayəndələr arasında bərabərhüquqlu dialoqun yeganə çıxış yolu olduğunu diqqətə çatdırıb.

Sonda o, XIII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığını bildirib.