BAKI, 7 mart. TELEQRAF

Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi sosial şəbəkələrdə Azərbaycanla bağlı yayılan məlumatlara münasibət bildirib.

Teleqraf-ın xəbərinə görə, mərkəzin açıqlamasında bildirilir ki, bu məlumatlar tamamilə əsassızdır:

"Son günlər bölgəmizdə baş verən hadisələrlə əlaqədar olaraq, xüsusilə sosial media platformalarında Türkiyə və Azərbaycana qarşı həddini aşan dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur. Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan yalnız bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıb. Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin liderlik səviyyəsində öncülük etdiyi ikitərəfli münasibətlər bütün sahələrdə “Bir millət, iki dövlət” şüarı ilə davam etdirilir.

İctimaiyyətin bu qardaşlığa zərər verə biləcək həddini aşan ifadələrə, dezinformasiyaya və qara təbliğat fəaliyyətlərinə qarşı daha həssas olması, mühüm məsələlərdə Türkiyə və Azərbaycan rəsmi qurumları tərəfindən edilən açıqlamaları nəzərə alması böyük əhəmiyyət daşıyır".