BAKI, 18 fevral. TELEQRAF
"Azərbaycanın regionun intellektual və analitik mərkəzlərindən birinə çevrilməsi məntiqli bir prosesdir".
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Sanat Kuşkumbayev bu gün Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, C6 formatının (Mərkəzi Asiya ölkələri və Azərbaycan) yaradılması konyunktur bir qərar deyil, tarixi və sivilizasiya bağlılığına əsaslanan coğrafiyanın yenidən dərk edilməsidir.
S.Kuşkumbayev maraqlı bir tarixi faktı diqqətə çatdırıb: “Hələ 1991-ci il avqustun 14-də, SSRİ-nin süqutuna sayılı günlər qalmış Daşkənddə Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə ilk müştərək sənəd imzalanmışdı. Həmin vaxt təsis edilən Respublikalararası Məsləhət Şurasının sənədində Azərbaycanın adı ayrıca qeyd olunurdu. Bu, o deməkdir ki, bugünkü əməkdaşlığın məntiqi 35 illik bir tarixə malikdir”.
Azərbaycanın bu formata daxil olmasının regionun potensialını keyfiyyət baxımından dəyişdiyini vurğulayan ekspert bildirib ki, bununla Mərkəzi Asiya qapalı kontinental region olmaqdan çıxaraq Cənubi Qafqaz, Türkiyə və Aralıq dənizi hövzəsinə birbaşa çıxış əldə edir:
"Biz artıq sadəcə “tranzit” məntiqindən uzaqlaşmalı, regional iqtisadi ekosistemlər yaratmalıyıq. C6 formatı bizim xarici bazarlara çıxışda kollektiv danışıqlar mövqeyimizi gücləndirəcək. Bu platforma Avropa İttifaqı, Çin və digər güc mərkəzləri ilə dialoqda vahid sənaye siyasəti və standartlar koordinasiyası üçün əsas vasitə olmalıdır".