BAKI, 4 fevral. TELEQRAF
"Bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir".
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
Onun sözlərinə görə, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər:
"Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bu gün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir".
O, fürsətdən istifadə edərək, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin beynəlxalq arenada humanist təşəbbüslərin fəal şəkildə təşviqinə, dialoqun ardıcıl şəkildə gücləndirilməsinə, Əbu-Dabinin qlobal sülh mərkəzinə çevrilməsinə verdiyi olduqca dəyərli töhfəsinə görə təşəkkürünü bildirib: "Əminəm ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcək. Sizə möhkəm cansağlığı, səadət və şərəfli fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".