BAKI, 4 fevral. TELEQRAF
Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində deyib.
"Mən Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunmaları münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir.
Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir.
Qarşıdurma və ciddi parçalanma xətləri ilə səciyyələndirilən bir dövrdə bu təcrübə göstərir ki, barışıq zəiflik deyil, güc deməkdir. Qazaxıstan üçün Azərbaycan və Ermənistan yaxın, qardaş ölkələrdir. Biz ölkəmizə göstərilmiş etimadı, o cümlədən sülh danışıqlarının mühüm mərhələsinin Almatıda keçirilməsini yüksək qiymətləndiririk. Bu, irəli getməyin yeganə yolunun dialoq olduğu ilə bağlı birgə inamımızın təzahürüdür.
Qazaxıstan Avrasiyada və daha geniş coğrafiyada ardıcıl olaraq sülhü, etimadı və əməkdaşlığı gücləndirən təşəbbüsləri dəstəkləyir. Şeyx Zayed Mükafatı güclü mənəvi mesaj daşıyır. O, qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir. Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir.
Bu mənada mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu dəyərləri yüksək tutduğuna görə dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu prinsiplər konkret siyasi nəticələrdə öz aydın əksini tapır. Azərbaycan ilə Ermənistan arasında sülh və əməkdaşlıq bu mirasa yeni məzmun qatır, onun regionun hüdudlarından çox uzaqda olan aktuallığını nümayiş etdirir. Bu, həmçinin beynəlxalq münasibətlərin səmərəli aləti kimi diplomatiyaya etimadı gücləndirib.
Hörmətli Prezident Əliyev, hörmətli Baş nazir Paşinyan. Sizin sülhə güclü sadiqliyiniz milyonlarla insana ümid verdi və mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Hər ikiniz böyük müdriklik və dərin baxış nümayiş etdirdiniz. Əminəm ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik.