BAKI, 3 fevral. TELEQRAF
Dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi ilə əlaqələndirilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclasında müzakirəyə çıxarılıb.
Vurğulanıb ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.
Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması məqsədilə Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.
Qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bu dəyişikliklər sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin edəcək, eləcə də qurumlar arasında məlumat mübadiləsini asanlaşdıraraq e-sistemlərin inteqrasiyasını sürətləndirəcək.
Beləliklə, sözügedən layihənin qəbul edilməsi sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.