BAKI, 20 yanvar. TELEQRAF

Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkı ərazisindən yola salınır.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin Elektrik və İstilik Enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.

O bildirib ki, yükün göndərilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 yanvar 2026-cı il 893 nömrəli Sərəncamı əsasında Energetika Nazirliyi tərəfindən təmin olunur:

"Yükə 27 min metr kabel və naqil, 11 ədəd generator, 12 ədəd alçaq gərginliyə malik panel, 5 ədəd transformator daxildir. Ukrayna tərəfinin istəyi əsasında həyata keçirilən humanitar yardımın dəyəri 1 milyon ABŞ dollarıdır. Daha əvvəllər də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elektrik avadanlığından ibarət humanitar yardım göndərilib. Yalnız elektrik avadanlığı deyil, eyni zamanda digər humanitar yardımlar göndərilib. Bərpa və yenidənqurma məqsədilə ayrılan yardımların məbləği 45 milyon ABŞ dollarını keçib".