BAKI, 20 yanvar. TELEQRAF
Uqanda prezidenti Yoveri Museveni yeddinci dəfə prezident seçkilərində qalib gəldikdən sonra etdiyi çıxışda müxalif qüvvələri “terrorçular” adlandırıb.
Teleqraf xəbər verir ki, "Agence France-Presse"in məlumatına görə, rəsmi nəticələr Museveninin səslərin 72 faizini toplayaraq inamlı qələbə qazandığını göstərsə də, seçkilər Afrika müşahidəçiləri və hüquq-müdafiə təşkilatları tərəfindən sərt tənqid olunub. Tənqidlər əsasən müxalifətə qarşı repressiyalar və səsvermə ərəfəsində internetin bloklanması ilə bağlıdır.
81 yaşlı Museveni qələbə nitqində bildirib ki, müxalifət zorakılıq yolu ilə seçkilərin nəticələrini dəyişməyə cəhd göstərib. Onun sözlərinə görə, əsas müxalifət partiyası olan Milli Birlik Platforması (NUP) bəzi bölgələrdə məntəqələrə hücumlar planlaşdırıb.
“Bəzi müxalifət nümayəndələri yanlış yoldadır və terrorçudurlar. Onlar xarici qüvvələrlə və müəyyən qruplarla əməkdaşlıq edirlər”, - deyə Museveni bildirib və əlavə edib ki, hökumət bu cür fəaliyyətlərdən xəbərdardır.
Seçkilərdə səslərin 25 faizini qazanan əsas müxalifət lideri Robert Kyagulanyi isə səsvermədən sonra təhlükəsizlik qüvvələrinin onun evinə reyd etdiyini deyərək gizləndiyini açıqlayıb. Polis bu iddianı təkzib etsə də, jurnalistlərin onun iqamətgahına yaxınlaşmasına mane olub.
Robert Kyagulanyi sosial şəbəkələrdə sonuncu dəfə şənbə günü paylaşım edərək seçkiləri prezident seçkilərinin açıq-aşkar oğurlanması adlandırıb. Hökumət isə internetə çıxışı qismən bərpa etsə də, sosial şəbəkələrə qoyulan qadağanın hələlik qüvvədə qalacağını bildirib.
AFP yazır ki, səsvermədən sonra ölkədə ümumi vəziyyət nisbətən sakit qalıb. Paytaxt Kampala küçələrində təhlükəsizlik tədbirləri bazar günü azaldılıb, mağazalar fəaliyyətini bərpa edib. Bununla belə, insan hüquqları təşkilatları seçkiöncəsi dövrdə müxalifətə qarşı amansız təzyiqlərin olduğunu bildiriblər.
Afrika İttifaqı da daxil olmaqla beynəlxalq müşahidə missiyaları seçkilər zamanı həbslər, hədələr və adam oğurluğu ilə bağlı məlumatların cəmiyyətdə qorxu yaratdığını və seçki prosesinə inamı azaltdığını bəyan edib.