BAKI, 14 yanvar. TELEQRAF

Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Siyavuş müəllim, Ermənistan "Tramp marşrutu" layihəsini 49 il müddətinə ABŞ-yə icarəyə verməyi planlaşdırır. Ötən gün Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio arasında TRIPP layihəsinə dair bəyanat imzalanıb. Bununla, nəhayət Zəngəzur dəhlizinin açılması istiqamətində praktiki müstəvidə addımın atıldığını söyləmək olarmı?

- Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə mühüm tarixi razılaşmalar əldə olunub ki, bu gün atılan adddımlar məhz bunun tərkib hissəsidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılması istiqamətində əldə edilən razılaşma bu mənada mühüm önəm kəsb edirdi. Ötən gün də ABŞ və Ermənistan rəsmiləri arasında Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılması ilə bağlı əldə edilən bəyanat artıq prosesin praktiki müstəvidə həllini nümayiş etdirir. ABŞ-nin bu layihənin reallaşması üçün maliyyə dəstəyi ayırması da razılaşmanın praktiki müstəvidə həllini təmin edən başlıca amillərdir. Həmçinin bu yaxınlarda ABŞ rəsmilərinin Azərbaycanda və Ermənistanda səfərdə olması, əldə edilən razılaşmalar fonunda aparılan danışıqlar prosesin normal müstəvidə inkişafından xəbər verir. Bütün bunlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin Naxçıvana, Türkiyəyə oradan isə Avropaya çıxışı təmin edəcək əsas marşrut kimi açılması üçün başlıca zəmin yaranır. Beləliklə, Avropa ilə Asiyanı birləşdirən başlıca marşrut olan Zəngəzur dəhlizi reallaşmaqdadır.

- Zəngəzur dəhlizinin açılması, regional kommunikasiya xətlərinin blokadadan çıxarılması istiqamətində atılan addımlara sözsüz ki, təsir etmək, prosesin qarşısını almaq üçün cəhdlər edilirdi. Hazırkı mərhələdə prosesə real maneələr qalıbmı?

- Əslində, Zəngəzur dəhlizinin açılması istiqamətində əldə edilən son razılaşmalar Azərbaycanın siyasi, diplomatik müstəvidə əldə etdiyi növbəti uğurudur. Prezident İlham Əliyevin “nəyi, nə vaxt edəcəyəm” bəyanatı bir daha real müstəvidə öz təsdiqini tapmış olur. Artıq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidlə bağlı real addımlar atılır. Bu, o deməkdir ki, hər bir məsələdə olduğu kimi bunun da həlli üçün zamana ehtiyac varmış. Çünki hər şey zamanı çatdıqda öz həllini tapır. Bununla da Naxçıvana artıq quru yolu açılır. Naxçıvanlıların artıq sərbəst şəkildə Qarabağ və Şərqi Zəngəzura və Azərbaycanın əsas hissəsinə gediş-gəlişi təmin olunacaqdır.

- Regionda, xüsusən də qonşu İranda baş verən hadisələrin sülh və kommunikasiya xətlərinin blokadadan çıxarılması istiqamətində atılan addımlara təsiri ola bilərmi?

- İran vaxtı ilə məhz Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərə müdaxilə etməyə çalışırdı. Zəngəzur dəhlizinin açılması məsələsində isə xüsusi bir narahatlıq ifadə edilirdi. İran tərəfi iddia edirdi ki, Zəngəzur dəhlizi açılacaqsa, onların Ermənistanla olan sərhəddi bağlanacaq və s. Eyni zamanda biz İranın Cənubi Qafqazda vaxtilə münaqişə vəziyyətinin saxlanılmasına, onun daha da alovlanmasına dəstək verdiyini də görmüşük. İndi isə İranın öz daxilində böyük təlatümlər yaşanır. Bunların fonunda İranın Cənubi Qafqazda və yaxud başqa ölkənin həyatında rol almaq imkanı qalmayıb. Hazırda bu ölkədə internetə qoyulan məhdudiyyətlər fonunda tam, səlis məlumatlar əldə edilməsə də, orada ciddi proseslərin getdiyi şübhəsizdir. Əslində bu gün düşünməliyik, İranda baş verənlər bizə sərf edirmi? Və yaxud nə baş versə, bu bizim maraqlarımıza uyğun olar ya, yox? İranın parçalanması və yaxud indiki vəziyyətdə qalması, bu ölkədə rejimin dəyişməsi Azərbaycana sərf edirmi? Bu kimi anlayışlar açıq qalır. Hansı proses Azərbaycan üçün daha məqbul və yaxud önəmli ola bilər? Həmçinin bu ölkədə yaşayan azərbaycanlılara muxtariyyət verilməsi ilə əlaqədər və s. məsələlər tam bəlli deyil. Biz bu məsələnin üzərində işləməliyik. Tarixdə baş verənlər elə tarixdə də qalıb. Bu gün bizim üçün əsas düşündürücü amil o olmalıdır ki, İranda baş verənlər regiona hansı təsiri göstərə bilər? Çünki sabah Azərbaycan qaçqınlarla üzləşə bilər və yaxud İranda daha pis rejim formalaşar. Ona görə də İrandakı dəyişikliklərin nəyə gətirib çıxaracağını biz artıq analiz etməliyik, məhz bizə sərf edən variantlar üzərində işləməliyik.