BAKI, 27 dekabr. TELEQRAF
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə görüşüb.
TÜRKPA-dan Teleqraf-a bildirilib ki, görüş zamanı tərəflər qurumlar arasında əlaqələrin cari vəziyyəti və gələcək perspektivlərinə dair geniş müzakirələr aparıblar.
Görüşdə Türk Akademiyasının mühüm nailiyyətlər əldə etdiyi ortaq türk tarixi, əlifbası, coğrafiyası, ədəbiyyatı kimi sahələr üzrə əməkdaşlıq məsələləri də müzakirə olunub. R. Həsən və Ş. Mustafayev qurumların 2026-cı ildə türk dünyasının ortaq strateji maraqlarına uyğun olaraq müvafiq addımlar atmasına şəraitin yaradılması istiqamətində sıx və səmərəli əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Bununla bağlı TÜRKPA, eləcə də Türk Akademiyası tərəfindən koordinatorlar təyin edilib və onlar vasitəsilə ikitərəfli əməkdaşlığın yeni inkişaf mərhələsi üçün imkanların yaradılması məsələsi vurğulanıb.