BAKI, 14 noyabr. TELEQRAF
"Qardaş ölkələri təmsil edən xüsusi xidmət orqanlarının nümayəndələrinin bu tədbirdə iştirakı təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə olan ümumi baxışımızın bariz göstəricisidir".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyev “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
Dövlət başçısı bildirib: "Bugünkü tədbirin ölkələrimiz və bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunması mövzusuna həsr olunması təsadüfi deyil. Son zamanlar dünyanın müxtəlif bölgələrində müşahidə olunan qarşıdurmalar beynəlxalq və regional təhlükəsizliyi ciddi şəkildə təhdid edən müxtəlif çağırışların artmasına səbəb olur. Bu mənada ölkələrimizin ərazisindən keçən, Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat şəbəkəsinin mühafizə olunması üçün xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi böyük önəm daşıyır.
Bu gün bizim ölkələr Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsində aparıcı rola malikdirlər. Azərbaycan müasir dəmir və avtomobil yolları, eləcə də hava və dəniz limanları infrastrukturuna böyük sərmayələr yatırır. Biz bu nəqliyyat və kommunikasiya xətlərini təkcə iqtisadi rifah mənbəyi kimi deyil, eyni zamanda Türk dövlətlərinin siyasi, mədəni, təhlükəsizlik və müdafiə sahələrində daha sıx inteqrasiyası üçün vacib təməl kimi görürük.