BAKI, 9 noyabr. TELEQRAF
Vətən Müharibəsində əldə edilən tarixi qələbənin 5-ci ilinə həsr edilmiş Zəfər Paradı qürurverici hadisə kimi yaddaşlara həkk olundu. Bu təkcə hərbi güc nümayişi deyil, həm də Azərbaycanın müasir tarixində milli qürurun, suverenliyin və beynəlxalq həmrəyliyin simvolu hesab edilir. Zəfər paradı 2020-ci ildə Vətən müharibəsində əldə edilən böyük və tarixi qələbənin V ildönümünə həsr olunmaqla yanaşı, regionda yeni geosiyasi reallıqların formalaşmasını da əks etdirdi.
Bu sözləri Teleqraf-a Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Zəfər Paradında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevlə yan-yana dayanan qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı üç ölkənin qardaşlığına dair strateji mesajları özündə ehtiva edirdi.
Prezident İlham Əliyev Zəfər paradında çıxışında II Qarabağ müharibəsi və ondan əvvəl baş vermiş hadisələr, Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması və ölkəmizi yeni müharibələrlə və ərazi işğalları ilə təhdid etməsi kimi amilləri bir daha diqqətə çatdırıldı. Eyni zamanda ölkəmizin başçısı xalqımızın heç vaxt işğal faktı ilə barışmadığını məhz 2020-ci ilin 44 günlük Vətən müharibəsinin birliyimizin, bərabərliyimizin nəticəsi olaraq Zəfərlə yekunlaşdığı da qeyd edildi.

Sözsüz ki, Zəfər Paradı 44 günlük Vətən müharibəsindən sonra əldə edilən tarixi Qələbənin davamı kimi milli gücün, ordunun peşəkarlığının və dövlətin diplomatik uğurlarının nümayişi idi. Bu mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin ən yeni texnikaları, o cümlədən yerli istehsal olan silah sistemləri nümayiş etdirildi ki, bu da ölkənin hərbi-sənaye potensialının artdığını göstərdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəfər Paradı təkcə keçmiş qələbənin deyil, gələcəyə yönəlik milli birliyin və sarsılmaz iradənin təntənəsidir. Bu, həm də regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanın qərarlı mövqeyini ifadə edir”.

Deputat vurğulayıb ki, Prezidentin çıxışında Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinə dair verdiyi mesajlar olduqca önəmlidir: “Dövlətimizin başçısı bir daha üç ölkə arasındakı əlaqələri "bir millət, üç dövlət" prinsipi üzərində formalaşan dərin dostluq və strateji tərəfdaşlıq kimi xarakterizə edib.
2020-ci ilin Zəfər Paradında olduğu kimi, bu dəfə də Türkiyə hərbçilərinin iştirakı Azərbaycan-Türkiyə hərbi-siyasi birliyinin simvolu idi. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, Şuşa Bəyannaməsi bu qardaşlığın hüquqi təməlini möhkəmləndirib və iki ölkə arasındakı müttəfiqlik münasibətləri regionda sabitlik yaradan əsas faktorlardan biridir.

Eyni zamanda Prezident İlham Əliyev Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla xatırlatdı. Pakistanın hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi və Ermənistanla diplomatik münasibətlər saxlamaması qardaşlığın səmimiliyini təsdiq edir. Bu münasibətlər artıq siyasi, hərbi və humanitar sahələrdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”.
Sevinc Hüseynova hesab edir ki, Zəfər Paradı, əslində, Cənubi Qafqazda yaranan yeni güc balansının təcəssümü kimi də xarakterizə olunur: “Artıq regional inteqrasiyanın yeni modeli formalaşıb. Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı regionda Qərb-Şərq, Şimal-Cənub istiqamətlərində yeni iqtisadi və təhlükəsizlik platformalarının əsasını qoyur.

Həmçinin dövlətimizin başçısı, Qələbədən sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara da diqqəti çəkib. Ermənistanın 30 illik işğalından azad edilən Qarabağ və Şərqi Zəngəzur yeni mərhələnin rəmzinə çevrilib. Bunun fonunda Azərbaycanın heç bir mərkəzindən asılı olmadan milli maraqlara əsaslanan siyasət yürütməsi dövlət müstəqilliyinin gerçək təminatıdır.
.jpg)
8 Noyabr Zəfər Paradı yalnız hərbi yürüş deyil, Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli həmrəyliyinin və beynəlxalq müstəvidə qardaşlığının rəmzinə çevrildi. Prezident İlham Əliyevin çıxışı ilə vurğulanan Azərbaycan–Türkiyə–Pakistan dostluğu regionda ədalət, sabitlik və inkişaf ideyalarının əsas dayağı kimi formalaşır. Bu, həm tarixi qələbənin davamı, həm də gələcəyə inamın təntənəsi idi”.