BAKI, 23 oktyabr. TELEQRAF

Nazirlər Kabineti dərman vasitələrinə əlçatanlığın artırılması və maliyyə risklərinin bölüşdürülməsi haqqında müqavilənin nümunəvi forması və bağlanılması qaydasını təsdiq etdi.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bildirilib ki, bu qayda sığortaolunanların ambulator və stasionar şəraitdə istifadə olunan dərman vasitələrinə əlçatanlığının artırılması və icbari tibbi sığorta fondunun maliyyə sabitliyinin təmin olunması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqə sahibi arasındakı münasibətləri tənzimləyir.

Müqavilədə icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin proqnozlaşdırılan istifadə həcmi müqabilində vəsiqə sahibi tərəfindən endirimlərin tətbiq edilməsi, icbari tibbi sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilən dərman vasitəsinin klinik tədqiqatlar üzrə məlumatlarına uyğun proqnozlaşdırılan effektivliyinə nail olunmadıqda dərman vasitəsinə görə ödənilən vəsaitin Müqavilə ilə razılaşdırılmış hissəsinin vəsiqə sahibi tərəfindən Agentliyə geri qaytarılması, geri qaytarılan vəsaitlərin hesablanması şərtləri, həmçinin tərəflərin hüquq və vəzifələri müəyyən edilir.