BAKI, 13 oktyabr. TELEQRAF
"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı olduqca önəmlidir. Artıq addım-addım, günbəgün biz unikal bir tarixi prosesin şahidi oluruq. Azərbaycanda, ümimiyyətlə regionda yaranmış yeni reallıq dünya tərəfindən etiraf edilib, qəbul olunur".
Bu sözləri Teleqraf-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, bu prosesin təntənəsini iki gün öncə ABŞ Prezidentinin Azərbaycan Prezidentini Misirə dəvət məktubunun timsalında gördük: “Misirdə Yaxın Şərqin, əslində dünyanın taleyi həll olunur. Dünyanın taleyinin həll olunmasında xüsusi payı, çəkisi olan Azərbaycan da iştirak edir. Bununla da Azərbaycanın gördüyü işlərin dünya ictimaiyyəti tərəfindən vacibliyi, əhəmiyyəti və müsbət təcrübə kimi qəbul olunması müşahidə edilir”.
Səməd Seyidova görə, bu özlüyündə bir möcüzədir: “Biz regional prosesi dünyada gedən proseslərin ayrılmaz tərkib hissəsinə çevirdik. Regionda gedən proses sanki dünyada mövcud olan problemlərin həll düsturu kimi təqdim olunur. Azərbaycan Prezidentinin sülh düsturu Yaxın Şərq üçün imkanlar açır. Ona görə də, Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində sadəcə bir qonaq kimi deyil, məhz bu təcrübənin daşıyıcısı, qalib gəlmiş millətimizin təmsilçisi kimi iştirak edir. Ona görə də bu görüş xüsusi ilə fərqlənir. Bu sadəcə hansısa regionun inkişafı ilə deyil, yeni dünya nizamının formalaşmasında Azərbaycanın müstəsna rolunun altından xətt çəkməsi deməkdir”.