BAKI, 1 sentyabr. TELEQRAF

"ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Faktiki olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr 2025-ci il tarixindən etibarən xitam verilib. Beləliklə, de-yure olaraq ATƏT-in Minsk qrupu və onun digər inistutları tarixi arxivinə göndərilib".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev deyib.

Deputat Prezident İlham Əliyevə və Azərbaycan xalqına növbəti tarixi uğur münasibəti ilə təbriklərini çatdırıb: “2020-ci ilin noyabr və 2023-cü ilin sentyabr ayında döyüş meydanında əldə etdiyimiz zəfər fonunda ATƏT-in Minsk qrupunun ləğvi ilə möhtəşəm qələbəmiz birdəfəlik tanındı. Minsk qrupu keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmışdı və heç bir fəaliyyət göstərməmişdi. O, yalnız keçmiş münaqişənin həllinin imitasiyası ilə məşğul olurdu. Həmçinin Ermənistanın işğalçılıq siyasətini legitimləşdirməyə çalışırdı. İndiki halda ATƏT-in belə bir qurumunun de-yure ləğv edilməsi presidenti olmayan böyük uğurdur. Hələ indiyə qədər münaqişə ilə bağlı yaradılmış heç bir mexanizm bu məntiqlə ləğv edilməyib. Azərbaycan bir çox sahələrdə ilklərə imza atdığı kimi ATƏT-in və beynəlxalq qurumların tarixində də bu ilkə imza atdı”.

Azay Quliyev bildirib ki, Minsk qrupunun ləğvi ilə bağlı verilən qərar böyük diplomatik nailiyyətdir: “Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş və ölkəmizin başçısının təkidli tələblərinə uyğun olaraq qəbul edilmiş Birgə Bəyannamədə Minsk qrupunun ləğvi ilə bağlı bənd daxil edilmişdi. Bunun əsasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-ə birgə müraciət etdi. Sözsüz ki, Azərbaycanın bu tələbi ilə Ermənistanın razılaşmaqdan başqa çarəsi yox idi. Artıq bunun nəticələri ortadadır. Bu reallıq bölgədə yeni imkanlar yaratmaqla yanaşı, qarşılıqlı inam və etimad mexanizminin yaranması üçün stimul olacaq. Bununla Cənubi Qafqaz üçün geniş perspektivlər yaranır. Hər iki tərəf, o cümlədən ATƏT bugünkü reallığı qəbul etdi və keçmiş münaqişə səhifəsini birdəfəlik bağladı. Bundan sonra bütün imkanları səfərbər edib Cənubi Qafqazda qalıcı sülhü təmin etməliyik. O cümlədən Ermənistanda revanşist qrupların sülhə və əldə edilən razılaşmlara təhdid yaratmasına imkan verilməməlidir”.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.

Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.