BAKI, 9 iyul. TELEQRAF
Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rasim müəllim, Ermənistan daxilində Baş nazir Nikol Paşinyana qarşı etirazlar dalğası hər ötən gün daha da artır. Hakim komanda da bu qüvvələrə qarşı loyal davranmır. Həyata keçirilən son həbslər də buna misaldır. Sizcə, nə baş verir, gərginlik nə vaxta qədər davam edəcək?
- Görünən odur ki, Ermənistan daxilində Moskvanın əlaltıları olan erməni kilsəsi, iş adamı Samvel Karapetyan, revanşistlər və bəzi deputatlar Paşinyanı gələn il keçiriləcək parlament seçkilərindən öncə hakimiyyətdən uzaqlaşdırmaq üçün səfərbər ediliblər. Çünki Ermənistanda qaydalar bir qədər fərqlidir. Burada ilk növbədə hakimiyyəti ələ alıb, daha sonra seçkilər keçirərək lazım olan legitimliyi təmin etmək mümkün olur. Paşinyana qarşı çıxan qüvvələr də payızda ciddi hazırlıqla hücuma keçməyi planlaşdırır. Kilsəni, Karapetyanı da bu işə ona görə səfərbər ediblər. Faktiki olaraq Karapetyanın bütün işləri Rusiya ərazisindədir. O indi işini-gücünü atıb, Ermənistana gəlib. Sadəcə, onu İrəvana məhz bu təlimatlar əsasında göndəriblər. Bütün bunların müqabilində Ermənistanda proseslərin hələ davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

- Müxalifətin seçkilərlə Paşinyanı devirmək imkanları varmı?
- Paşinyanın bütün bu olanlardan məlumatı var. O, əlində olan imkanlardan istifadə edərək, özünə qarşı çıxanları zərərsizləşdirməyə çalışır. Bu həmlələrin nə qədər uğurlu olacağı ancaq payızda bilinəcək. Gələn ilin yayında Ermənistanda kütləvi etirazların təşkil ediləcəyini söyləmək çətindir. Burada bir yol var, o da Ermənistan parlamentində çoxluq qazanmaqla bağlıdır. Paşinyanın isə parlamentdə dayaqları möhkəmdir. Onu parlamentdə devirmək çətindir.
- Etirazların İrəvanda hakimiyyətə təsir imkanlarını necə dəyərləndirirsiniz?
- Küçəyə yüz min adam toplaşıb, Paşinyanın istefasını tələb edə bilər. Bu zaman hakim çoxluq da parçalanma olar. Amma hələlik Paşinyana qarşı olan həmlələr nəticə vermir. Karapetyan da bu məsələ ilə bağlı xeyli pul xərcləmişdi. Əlindən gələni etsə də, küçəyə 7-8 mindən artıq adam toplaya bilmədi. Bununla isə Paşinyanı devirmək qeyri-mümkündür.
- Bu etirazlar fonunda Paşinyan sabah Azərbaycan Prezidenti ilə görüşəcək. Sülh və dəhlizlə bağlı verilən müsbət açıqlamlar müstəvisində proqnozlar nədən ibarətdir?
- Sülh müqaviləsi imzalanmasa da, xarici işlər nazirləri tərəfindən bu sənəd paraflana bilər. Əslində, sənədin imzalanması da istisna edilmir. Nə üçün imzalamaq da mümkün olmasın? İndiyə kimi Rusiya bunun əleyhinə çıxırdı. Onlar razılaşmanı Moskvada imzalatdırmaq istəyirdilər. Amma Rusiyanın Azərbaycan və Ermənistanla son davranışları bu perspektivin üzərindən xətt çəkir. Belə olan halda tərəflərin başqa bir məkanda buna getməsi daha real görünür. Çünki Türkiyədə bu sazişi imzalamaq Moskvanı, Avropanı qıcıqlandıracaq, ABŞ-da olsa, Rusiyanın xoşuna gəlməyəcək. Bu baxımdan da Əbu-Dabidə sülh sazişinin imzalanması ən məqbul variant olar.

- İlkin şərtlər təmin edilmədən razılaşma hansı meyarlar üzərinə imzalana bilər?
- ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı mövqelər yaxındır. Sadəcə, bununla bağlı birgə müraciət edilməlidir. ATƏT-ə müraciət edildikdən ən azı yarım il sonra bu məsələyə baxılır. Ona görə də birgə müraciəti göndərmək olar. Hətta ATƏT sammitinə qədər də məsələləri həll etmək mümkündür ki, sonradan hansısa mübahisə yaranmasın. Eyni zamanda Zəngəzur dəhlizindən istifadə qaydasının tərəflər üçün məqbul olacağı tam dəqiqləşməlidir. Ermənistanın yeni konstitusiyası layihəsi ilə bağlı açıqlanan bütün detallar fonunda sülh müqaviləsi imzalana bilər. Əslində, sülh müqaviləsinin imzalanması hələ son demək deyil. Bu razılaşma əldə edildikdən sonra hər iki tərəf bunu ratifikasiya etməlidir. Azərbaycan tərəfi sülh sazişini o halda imzalaya bilər ki, onun ratifikasiya edilməsi məhz Ermənistan konstitusiyasında dəyişiklik edildikdən sonra mümkün olacaq.