BAKI, 8 iyul. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf-ın cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanla Ermənistan arasında sülh və kommunikasiya xəttlərinin açılması istiqamətində Türkiyənin mövqeyi daha çox önə çıxır. Rəsmi Ankarının moderatorluğu ilə bölgədəki proseslərin irəliyə aparılması nə dərəcədə real görünür?
- Əslində, Türkiyənin bu məsələlərdə rolu yüksək dəyərləndirilir. Çünki Türkiyə artıq regional çərçivədən, qlobal müstəviyə çıxıb. Rəsmi Ankaranın bu gün bir sıra qlobal münaqişlərdə vasitəçilik rolu daha qabarıq görünür. İsrail-Fələstin, Rusiya-Ukrayna müharibəsi, İsrail-İran qarşıdurması fonunda Türkiyənin tərəflər arasında vasitəçilik və digər mövzulara dair təsirli rolu daha çox gündəmə gəldi. Sözsüz ki, Türkiyənin Cənubi Qafqazda da rolu gündən-günə artır. Bəzi ölkələr bunu qəbul etmək istəməsələr də reallıq belədir.

- Regional kommunikasiya xəttlərinin xüsusi ilə də Zəngəzur dəhlizinin ABŞ-ın hansısa bir konsersiumunun nəzarəti altında açılması ilə bağlı da iddialar səslənir. Sizcə, bu hansı şərtlər çərçivəsində mümkün ola bilər?
- Burada dəhlizin açılması ilə yanaşı, təhlükəsizlik məsələsi əsas amildir. 2020-ci ilin 10 noyabrında II Qarabağ müharibəsinin başa çatmasını ehtiva edən Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı imzalanan üçtərəfli bəyanatda regional kommunikasiya xətlərinin açılması öz əksini tapıb. Məhz bu razılaşma ilə regional kommunikasiyalar blokadadan çıxarılmalı idi. Azərbaycanın əsas hissəsi ilə onun eksklavı, Naxçıvan arasındakı bağlantıya yəni, Zəngəzurdan keçən dəhlizə isə Rusiya sərhədçilərinin nəzarət etməsi üçtərəfli razılaşma ilə təsbit edilib. Sözsüz ki, Azərbaycan üçün burada əsas məsələ dəhlizin təhlükəsiz və maneəsiz şərtlər çərçivəsində açılmasıdır. Ola bilsin dəhliz açıldıqdan sonra yüklərin daşınmasında o qədər də çətinlik olmasın. Amma sərnişinlərin bu yoldan istifadəsi üçün maksimum dərəcədə təhlükəsizlik tədbirləri təmin olunmalıdır. Hansısa bir Amerika şirkətinin bunu necə təmin edəcəyi ilə bağlı suallar var. Ona görə də hansısa qərar qəbul ediləndə onun texniki tərəfləri də nəzərə alınmalıdır.

- Ermənistan daxilində kilsə və revanşistlərin Nikol Paşinyan hakimiyyətinə qarşı son demarşı nə ilə bağlıdır? Erməni cəmiyyətində baş verənlərin digər proseslərə təsiri haqqında nə demək olar?
- Burada proseslərin inkişafı daha çox Nikol Paşinyan komandasının davranışlarından asılıdır. Onların sona qədər prosesləri aparmaq imkanlarının olub-olmadığını söyləmək çətindir. Amma görünən odur ki, onlar bu məsələlərə ehtiyatla yanaşırlar. Paşinyan komandası Azərbaycanla sülh sazişi imzalayacağını, Türkiyə ilə sərhədləri açacağını davamlı olaraq bəyan edir. Məqsədləri auditoriyanı buna hazırlamaqdır. Hətta deyirlər ki, “gec-tez biz bunu etməyilik” və s. Həmçinin Ermənistan konstitusiyası dəyişdirilməsi, ATƏT-in Minsk Qrupundan imtina edilməsi ilə bağlı da edilən çağırışlar bu məqsədlərə xidmət edir. Hələlik indiki hakimiyyət Ermənistandakı daxili təzyiqlər fonunda bir addım önə getməsi müqabilində iki addım da geriyə getməli olur. Kilsənin təsir imkanları fonunda iş adamı Samvel Karapetyanın həbsi məsələsi də burada açıq təzyiq elementləri yaradır. Bütövlükdə erməni cəmiyyətinin isə revanşistlərə münasibəti heç də birmənalı deyil. Hətta iş adamı Samvel Karapetyan həbs edilməmişdən öncə insanları müəyyən maddi dəstək müqabilində yürüşə çağırmasına baxmayaraq onun mitinqinə 10 min adam toplaşmadı. Çünki Ermənistanda cəmiyyət artıq bu kimi məsələlərə bir qədər ehtiyyatla yanaşır.