BAKI, 4 iyul. TELEQRAF
"ABŞ Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrik məktubunda yer alıb.
Məktubda Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq münasibətlərinə və tərəfdaşlığa xüsusi əhəmiyyət verildiyi bildirilib. Vurğulanıb ki, beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizə, enerji təhlükəsizliyi və bir sıra digər mühüm sahələr üzrə fəal və səmərəli əməkdaşlığımız sıx tərəfdaşlığımızın səciyyəvi cəhətlərindəndir.
“Məmnunluqla qeyd etmək istərdim ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın uzun illərdən bəri enerji sahəsində sadiq tərəfdaşıdır. Bu sahədə xoş ənənələrə əsaslanan və sağlam təməllər üzərində qurulmuş əməkdaşlığımız hazırda da uğurla davam edir. Azərbaycanın enerji strategiyası, eləcə də regionda sabitliyə və inkişafa xidmət edən nəhəng infrastruktur layihələrinin həyata keçməsinə ABŞ-nin göstərdiyi davamlı dəstəyini yüksək qiymətləndiririk",- məktubda vurğulanıb.