BAKI, 12 iyun. TELEQRAF
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman Aparatının əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş repatriantlarla görüş keçirib, onların hüquqlarının təmin olunması vəziyyətini araşdırıblar.
Eyni zamanda, müəssisə rəhbəri və əməkdaşları ilə söhbət aparılıb, repatriantların reabilitasiyası üzrə həyata keçirilən və planlaşdırılan tədbirlər barəsində məlumat əldə edilib. Görüş çərçivəsində repatriantların yaşayış şəraiti, psixoloji durumu və ehtiyacları qiymətləndirilib, onların hüquqlarının müdafiəsi, həmçinin sosial, səhiyyə, təhsil, məşğulluq və digər müvafiq dövlət xidmətlərindən istifadəsi ilə bağlı tövsiyələr verilib.
Qeyd edək ki, iyunun 3-də 9-u uşaq olmaqla daha 13 Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.