BAKI, 19 may. TELEQRAF

"Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirakı zəngin təəssüratlarla yadda qaldı. Dövlətimizin başçısının Zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları, siyasi və tanınmış şəxslərlə keçirdiyi görüşlər, aparılan müzakirələr yaddaqalan oldu. Bu amil dövlətimizə və onun liderinə olan yüksək səviyyəli münasibətin göstəricisi hesab edilir".

Bu sözləri Teleqraf-a Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, qalib, ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüququ təmin etmiş Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı mövqeyə malikdir: “BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququ təkbaşına təmin etmiş Azərbaycan, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi beynəlxalq tədbirə yüksək səviyyəli ev sahibliyi ilə özünün etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib. Bu xüsusda Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bir çox ölkə liderləri, hökumət başçıları, nüfuzlu şəxslər və siyasətçilərlə görüşləri böyük marağa səbəb boldu. Azərbaycan-Türkiyə qardaşlığı bütün platformalarda olduğu kimi, Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında da bir daha özünü göstərdi. Tiranada ölkəmizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə vacib müzakirələr aparılıb. Avropa Siyasi Birliyi 6-cı Zirvə toplantısının açılış mərasimində Prezident İlham Əliyevin iştirakı bu xüsusda mühüm əhəmiyyətə malikdir. Builki zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub”.

Deputat bildirib ki, Avropa Siyasi Birliyi təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır: “Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Dövlətimizin başçısı Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə baş nazirə təbriklərini çatdırıb. Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafdan, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan bəhs edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.

Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşündə hazırkı sülh danışıqları mövzusu müzakirə olunub. Eyni zamanda dövlətimizin başçısının zirvə toplantısı çərçivəsində səmimi ortamda apardığı görüşlər, dialoqlar Avropa və dünya miqyasında ölkəmizin güclənən mövqeyinin ifadəsi kimi xarakterizə edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun regional sabitliyin təmin olunmasında, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində mühüm rol oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu amil indiki geosiyasi qeyri-sabitlik dövründə xüsusi əhəmiyyət kəsb edir. “Cənub Qaz Dəhlizi” kimi irimiqyaslı layihələr Avropanın enerji təchizatının şaxələndirilməsinə və bu qitə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsinə zəmin yaradır”.

Eldar Quliyev əlavə edib ki, Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammitində ölkəmizin iştirakı çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursunun növbəti uğurudur: “Bu, Azərbaycanın Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi önəmi və təşəbbüskar mövqeyini təzahür etdirir. 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən Azərbaycan Avropa Siyasi Birliyinin sammitlərində fəal rol alır. Qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün Azərbaycanın bu yeni platformalarda maraqlı tərəf kimi iştirakına zəmin yaradıb. Sözsüz ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun növbəti mərhələsi hesab edilir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Şərq-Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirir”.