
BAKI, 19 aprel. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişaf dinamikasını göstərir. Sözsüz ki, səfər iki qonşu ölkə arasında münasibətlərin və əlaqələrin inkişafında mühüm töhfə olacaq. Prezident İlham Əliyevlə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən görüş, aparılan müzakirələr də bunu təsdiq edir. Dövlət başçılarının mətbuata verdiyi birgə bəyanatlarda vacib mesajlar səsləndirilib. Bəyanatlarda münasibətlərinin bütün sahələr üzrə inkişafından bəhs olunub. Qonşu xalqların əsrlər boyu sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadığı qeyd olunub.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Azərbaycan və Gürcüstan birlikdə bir çox önəmli layihələri icra edib: “Bu layihələr həm ölkələrimiz, xalqlarımız və daha geniş coğrafiya üçün böyük önəm kəsb edir. Bununla yanaşı iki dövlət arasında siyasi əlaqələr inkişaf edir və yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Həmçinin hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birinin maraqlarını müdafiə edir. Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələrinin mühüm əhəmiyyətə malikdir. Bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini dəyişdirib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Azərbaycan hazırda Gürcüstan da daxil olmaqla 12 ölkəyə təbii qaz ixrac edir. Bu ixrac isə məhz Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Azərbaycanda və Gürcüstanda böyük sinergiya yaratmaqla yanaşı Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib”.
Deputat Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə verdiyi önəmin əhəmiyyətinə toxunub: “Regionda sülhün, əmin-amanlığın bərqərar edilməsi hər iki ölkə üçün başlıca amildir. Uzun illər ərzində Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrilməsi fonunda hazırda regionda yeni bir dövrün başlayıb. Gürcüstan Prezidenti də iki dost, qonşu ölkə arasında olan əlaqələrə diqqət çəkib. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətlərinin uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib. Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyi və əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğu vurğulanıb. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir”.
Eldar Quliyev Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələrə diqqət çəkib: “Bu layihələr regionun hüdudlarını aşır, və qlobal enerji təhlükəsizliyi, qitələrarası nəqliyyat bağlantılarında müstəsna rola malikdir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Azərbaycan-Gürcüstan arasındakı əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki ölkə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.