
BAKI, 26 fevral. TELEQRAF
"İkinci Qarabağ müharibəsindən sonra yeni reallıq yaranıb. Bölgədə kommunikasiya xəttlərinin açılması, qarşılıqlı əməkdaşlığın formalaşması baxımdan vacib addımlar atılmalıdır. Bu mənada, sülhün bərqərar edilməsi istiqamətində atılacaq əsas addımlardan biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır".
Bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
Komitə sədri hesab edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə deyil:
“Bu bir sıra dövlətlərin dəhlizin açılmasına qarşı olan mövqeyindən qaynaqlanır. Rusiya, İran və Ermənistanın digər havadarları bu məsələdə eyni mövqedən çıxış edirlər. Çindən Avropaya qədər uzanan yolun əsas hissəsi olan Zəngəzur dəhlizinin taleyi məhz bu kontekstdə həllini tapmalıdır”.
Arzu Nağıyeva görə, Zəngəzurdan keçidin dəhliz və ya adi keçid qaydasında açılması müzakirə mövzusudur:
“Dünyada buna misal olacaq nümunələr kifayət qədərdir. Kalininqrad variantı buna ən uyğun nümunədir. Uzun illərdir ki, Rusiya məhz bu şərtlərlə Kalininqradla gediş-gəlişi təmin edir. Əslində, Ermənistan tərəfi də dəhlizin açılmasında maraqlı olmalıdır. Bunun əksinə olacaq bütün yanaşmalar mövcud gərginliyi bir qədər də dərinləşdirə bilər”.
“Sülh yoxdursa və qarşı tərəf öhdəlikləri icra etməkdən boyun qaçırırsa, bu istər-istəməz prosesin fərqli istiqamətlərdə inkişafına yol açacaq. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında yeni qaşıdurma riskləri də istisna edilmir”, - deputat bildirib.