
BAKI, 17 fevral. TELEQRAF
İlyas İsmayılov vaxtilə Respublika Prokororu olduğuna görə onu hamı tanıyırdı. Bir təmizlik simvolu idi, hər kəs onu bu cür qəbul edirdi. İlyas müəllim keçmiş SSRİ-də yüksək rəhbərlikdə işləmiş iki nəfərdən biri olub.
Bu sözləri Teleqraf-a açıqlamasında Ədalət partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.
Sədr müavini bildirib ki, İlyas İsmayılovla 1996-cı ildə tanış olub: “Bizi siyasi fəaliyyət birləşdirmişdi. Birlikdə siyasi fəaliyyətlə məşğul olduq. İlyas müəllimin etimad göstərdiyi şəxslərdən biri də mən olmuşam. 2000-ci ildə Ədalət partiyası fəaliyyətini bərpa etdikdən sonra İlyas müəllim məni partiyanın təşkilati məsələlər üzrə müavini təyin etdi”.
Mütəllim Rəhimli vurğulayıb ki, İlyas İsmayılovun vəfatı Ədalət partiyası ilə yanaşı, Azərbaycan hüquq sistemi, ictimai-siyasi həyatı üçün böyük itkidir: “Onun çox böyük dövlətçilik təcrübəsi var idi. Keçmiş SSRİ dövründə İlyas müəllim özünün zəngin təcrübəsinə əsaslanaraq ermənilərin təbliğatına qarşı çox böyük işlər görüb. SSRİ prokurorluğunda, Azərbaycan Ədliyyə sistemində xidmətləri olduqca böyükdür.
Həmçinin iki çağırış Azərbaycan Milli Məclisin deputatı olmuş İlyas İsmayılov burada da özünün zəngin təcrübəsini bölüşüb. Azərbaycanda ən böyük mərkəzçi sol partiyanın yaranması İlyas İsmayılovun adı ilə bağlıdır. Bu gün də Ədalət partiyasının minlərlə üzvü İlyas İsmayılovun itkisinə üzülür. Belə bir deyim var ki, "insanın yaşı yaddaşlarda qalma müddəti qədərdir”.
Onunla ən son danışığımız keçən ilin sonlarında olub. Ondan sonra İlyas müəllimin səhhəti pisləşməyə doğru getdi və xeyli müddət komadan ayılmadı. Sonuncu söhbətlərimiz Ədalət partiyasının idarə olunması və gələcəyi ilə bağlıydı. Bu, iki şəxs arasında dialoq olduğuna görə açıqlamağa lüzum bilmirəm. Yaratdığı partiyanı övladı kimi sevirdi. Arzusu qurub-yaratdığı partiyanın özündən sonra yaşamasıydı”.