
BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan və Ermənistan arasındakı problemlərin həll yolları masa üzərindədir, bunlar iki ölkənin nümayəndələrinin birgə işi nəticəsində yaranıb. Birincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddələri nəinki bir-birinə qarşı ərazi iddialarının olmaması, hətta gələcəkdə belə iddialarla çıxış etməmək məsələsini də əsaslı şəkildə həll edib.
Teleqraf xəbər bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və bundan əvvəl qəbul edilmiş Praqa bəyanatı ərazi iddiaları məsələsini tamamilə yekunlaşdırır: “Sülh müqaviləsinin razılaşdırılmış hissəsi imzalanmaq üçün yetkindir. Həmçinin Ermənistan razılaşdırılmamış iki maddə üzrə həll yolları təklif edərək Azərbaycandan müsbət cavab gözləyir”.
Paşinyan əlavə edib ki, Ermənistan Azərbaycana qarşılıqlı silahlanma nəzarəti mexanizmlərinin yaradılması və sərhəd insidentlərinin birgə araşdırılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu daşımalarının həyata keçirilməsi ilə bağlı yazılı təklif göndərib.
“Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalar normal və konstruktiv işləyir. Bu günlərdə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komisiyası ilə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında görüş keçirilib. Bütün bunlar o deməkdir ki, regionda eskalasiya üçün heç bir zəmin yoxdur, üstəlik, sülh üçün bütün zəminlər yaradılıb”, - Ermənistan rəhbəri vurğulayıb.