Politoloq Zərdüşt Əlizadə Gürcüstan seçkiləri və bu ölkə ətrafında baş verən geosiyasi gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Gürcüstanda seçkilər arxada qaldı, hakim “Gürcü Arzusu” Partiyası qalib gəldi. Ölkə müxalifəti və Qərb nəticələri qəbul etmədiklərini bəyan elədi. Belə bir durum Gürcüstanda hansı gəlişmələrə yol açacaq?

- Vəziyyət çox sadədir, iki ehtimal var. Birincisi, müxalifətdən seçilmiş 61 deputatın hamısı bəyan edir ki, biz seçkilərin nəticələrini tanımırıq. Müxaliflər belə bir addım atsalar, Gürcüstan qanunları əsasında seçilmiş parlament səlahiyyətli sayılmayacaq. Bunun üçün parlamentdə azı 100 deputat olmalıdır, “Gürcü Arzusu”nun da 90 deputatı var. Yəni əlavə 10-11 deputat daxil olmalıdır ki, yeni parlament işinə başlasın.

İndi “Gürcü Arzusu” o 61 deputatın içindən 10 nəfər tapıb parlamentə salmalıdır. Sizcə, 7 milyard dollar pulu olan Bidzina İvanişvili 61 deputatın içindən 10 nəfəri pulla ələ ala biləcəkmi? Məsələ bundadır.

İkincisi, həmin 10-11 tapılmasa, yəni müxalifət seçkiləri tanımasa, İvanişvili seçim qarşısında qalır. Bu durumda da “Gürcü Arzusu” qanunların üstündən keçərək parlamenti tanıdığını bəyan edir, müxalifət də küçə mitinqlərinə başlayır, dövlət idarələri və İvanişvilinin iqamətgahına hücum edir, onların işlərini əngəlləyir və ölkədə həyatı iflic edir.

Müxalifətin bunu etməyə cəsarəti, hakimiyyətin baş verəcək hadisələrin qarşısını sərt üsullarla almağa qətiyyəti çatacaqmı? Belə bir ehtimallar var.

İndi razılaşıb-razılaşmayacaqları, ortaq məxrəc tapıb-tapmayacaqlarını bilmirəm. Müxalifət mövqeyində qətiyyətli olsa, təkrar seçki keçirilə bilər. Amma heç kim zəmanət verə bilməz ki, təkrar seçkidə eyni nəticə alınmayacaq. Çünki Qərbin siyasəti gürcü xalqını məmnun eləmir.

Avropa öz standartları və qəliblərini bunları qəbul etməyə hazır olmayan xalqlara sırıyanda o xalqlar da məcbur olaraq “Gürcü Arzusu” kimi mühafizəkar partiyalarla səs verirlər.

Mən gürcü xalqına sülh, əmin-amanlıq, sabitlik və təkamül yolu ilə inkişaf arzulayıram. Amma heç nə mənim arzularımdan asılı deyil. Bu, həm də demokratiyanı seçmək istəyən digər xalqlar üçün də ibrət dərsi olmalıdır.

- “Gürcü Arzusu” nəyin müqabilində Qərbdən üz döndərib Rusiyaya yaxınlaşır? Seçkidən öncə Abxaziya və Cənubi Osetiyanın geri alınacağı ilə bağlı iddia ortaya atılmışdı. Sizcə, Tiflis və Moskva arasında belə bir razılaşma müzakirə mövzusu olubmu?

- Rusiya nə Abxaziya, nə də Osetiyanı qaytaracaq. Bunun üçün Rusiya işğalçı olduğunu qəbul edib bu bölgələri qaytarmalıdır. Gürcüstan da bu əraziləri qaytardıqdan sonra qətiyyət və əzmlə Rusiyadan qopub Avropaya tərəf gedəcək.

İndi Gürcüstanı Rusiyadan asılı edən onun itirilmiş 20 faiz ərazisidir. Digər yandan, xəritəyə baxanda görürük ki, Rusiya Gürcüstandan şimalda yerləşən böyük bir dövlətdir. Gürcüstan 200-250 il Rusiyanın tərkibində olub, rus və gürcü xalqlarını çox sıx mədəni, siyasi, iqtisadi, mədəni və tarixi əlaqələr birləşdirir. Bunları qırmağa nə ehtiyac var?

Sadəcə Rusiya öz siyasətini diktə etmək şakərindən azad olmalıdır. Gürcüstan isə həm Rusiya, həm də Qərblə normal siyasi, iqtisadi və mədəni əlaqələr saxlaya bilər. “İkisindən biri seçimi” çox süni seçimdir. İndi Rusiya ilə təbii əlaqələri saxlamaq və inkişaf etdirmək Azərbaycan üçün ziyandır? Ziyan deyil. Bu, Gürcüstan üçün də ziyan olmayacaq. Amma Rusiya separatizmə dəstək və sair kimi ziyanlı vərdişlərindən əl çəkməlidir.

Avropa da Gürcüstan qarşısında “Rusiya ilə əlaqələri kəs” tələbini qoymamalıdır. Niyə Gürcüstan Rusiya ilə əlaqələrini kəsməlidir? Qonşudurlar. Gürcüstan Rusiya ilə mədəni, siyasi və iqtisadi əlaqələrindən fayda görür.

Avropanın özü vaxtilə böyük həcmdə qaz alırdı, mal-əməttə alıb-satırdı, qazanırdı və bunda bir qəbahət yox idi. Rusiya-Avropa ticarət dövriyyəsi 250-300 milyard dollara çatırdı. Başqa sözlə, gürcü xalqı çox ciddi seçim qarşısındadır. Əgər bu seçimi düzgün edə bilsə, toqquşma və qan olmadan bu mərhələni keçsə, bu, hamının xeyrinə olacaq.

- Qərb-Gürcüstan münasibətləri niyə birdən-birə belə gərginləşdi, əlaqələrin qırılması haradan başladı?

- Rusiya onunla yaxın olan dövlətlərdən itaət tələb edir. Avropanın da siyasəti belədir. Avropa deyir ki, bizimlə yaxın olmaq istəyirsənsə, bizim dediyimizi eləməlisən. Amma həmin dövlətin maraqları fərqli siyasət tələb edir, Avropa bunu qəbul eləmək istəmir.

Deyirlər ki, biz səni NATO-ya qəbul eləmirik, amma sən NATO-ya girmək qətiyyətini bildirməlisən, bu vaxt Rusiya sənə hücum edib ərazilərini işğal eləsə, biz sənə kömək etməyəcəyik. Məsələn, Ukrayna.

Ukraynaya dedilər ki, səni NATO-ya götürəcəyik. Ukrayna da “NATO-ya girmək istəyirik” deyəndə Rusiya onu vurmağa başladı. Bəs NATO ona kömək elədi? Eləmədi. Avropa və ABŞ da çox az kömək göstərdi.

Qramla yardım edirlər, Ukrayna ordusu basılır, silah-sursatı çatışmır. “Can-can” deyirlər, amma kömək göstərmirlər. İstənilən növ silahı vermək üçün aylarla, 1-2 il vaxt tələb olunur. Ukrayanın aviasiyası yoxdur, topxana və artilleriyası azdır, həmişə sursatı çatışmır. Bütün bunlar Amerikada var, amma vermək istəmir.

Amerika deyir ki, mən sənə birdən-birə bu qədər silah-sursat versəm, mənim təhlükəsizliyim üçün təhlükə yarana bilər. Bu, Qərbin ikiüzlü siyasətidir. Təkcə Qərb yox, Şimal da, Cənub da, Şərq də ikiüzlü siyasət yürüdür. Söz ayrı, əməl ayrı. Məsələn, Rusiya deyir ki, biz qonşuyuq, qardaşıq, amma gəlib ərazisini işğal edir, separatçılara dəstək verir. Ukraynadan tələb edir ki, 5 regionunu bizə ver, əks halda, müharibəni davam edəcəyik, ukraynalıları qıracağıq. Riyakar siyasətdir.

- Gürcüstanda mövqeləri zəifləyən Qərb Cənubi Qafqazda üstünlüyü Ermənistana verəcəkmi?

- Qərbin “Ermənistan, ya Gürcüstan?” kimi bir seçimi yoxdur. Qərb istəyir ki, Azərbaycan da daxil olmaqla, bütün keçmiş sovet ölkələri onun təsiri altına keçsin. Bunun üçün çalışırlar. Xalqları özlərinə qoşulmağa çağırırlar, sonra da deyirlər ki, oturub gözləyin.

Məsələn, Türkiyəni 55 ildir Avropa Birliyinin qapısında gözlədirlər. Qəbul eləmək istəmirlər. Çünki hansısa bir ölkəyə bu yöndə inkişaf üçün maliyyə vəsaiti verilməlidir, islahatlar üçün yatırımlar olmalıdır. Avropanın imkanı yoxdur ki, bu qədər ölkəni birdən-birə avropalaşdırsın. Bəlkə də kiçik Moldovanı avropalaşdıra bilərlər, amma böyük Ukrayna üçün pul çatmır.

Həm də böyük Avropa onun nəyinə lazımdır. Balaca Moldova və Gürcüstan əl verir, böyük Ukrayna yox. Mən gözləmirəm ki, Avropa Ermənistan və Gürcüstanda münaqişəyə qoşulacaq. Bəli, “can-can” deyirlər, məsləhət verirlər, amma əməli surətdə heç nə etməyəcəklər. Məsələn, Qarabağda Ermənistan və Azərbaycan arasında müharibə gedəndə Avropa qoşulmamışdı.

Bəyanatlar verdilər, hansısa qətnamələr qəbul elədilər, Fransa, Belçika və Niderland kimi ölkələrin parlamentləri hansısa qərarlar çıxardılar, amma dövlət səviyyəsində heç bir addım atılmadı. Düz də elədilər. Çünki bu qanunsuz qətnamələr yerinə yetirilərdisə, bu dövlətlər böyük siyasi-iqtisadi itkilərə məruz qalacaqdılar. Ona görə də, belə bir səfehliyi eləmədilər.

Ukraynadakı müharibəyə də soyuq yanaşırlar. Yardımı da zərgər dəqiqliyi ilə hesablayıblar ki, birdən Rusiyanın xoşuna gəlməz, qəzəblənər. Gürcüstandakı proseslərə necə qarışırlar? Yardımı dondurub deyirlər ki, müxalifət qalib gəlsə, bu yardımların donunu açarıq. Əminəm ki, “Gürcü Arzusu” öz hakimiyyətini sabitləşdirsə, bu siyasi böhrandan uğurla keçsə, bir müddətdən sonra münasibətlər yenidən normallaşacaq.

Azərbaycanla münasibətlər necədir? Normaldır. Avropa Parlamentinin qətnamələrinə fikir verən yoxdur. Əsas odur ki, Avropa Komissiyası, icra hakimiyyətləri, dövlətlər Azərbaycanla münasibətlərini ikitərəfli qaydada qurublar, neft-qaz, enerji alırlar alırlar, mallarını satıb pul qazanırlar. Söz başqa, əməl başqa.