“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirməyə icazənin verilib-verilməyəcəyi müzakirə mövzusudur. ABŞ məhdudiyyətlə olsa da, artıq belə bir icazə verib. Geniş anlamda icazə olacaqmı, olsa, bu, müharibəni hansı istiqamətə çevirəcək və mümkün nəticələr necə olacaq? Digər yandan, Avropa ölkələrinin Rusiya ilə savaşa hazırlaşdığına dair bəzi Qərb lider və siyasətçilərindən iddialar da var. Proqnozunuzu bilmək istərdik.

- Müharibənin yekunları ilə bağlı proqnoz vermək hələ tezdir. Yaxın bir ay üçün proqnoz vermək olar, bunun da ilkin əlamətləri artıq görünür. Bir neçə gün əvvələ qədər Rusiyanın Xarkovu götürüəcəyi ilə bağlı fikirlər və narahatlıq dilə gətirilsə də, bu baş vermədi. Rus ordusu Xarkovda nəinki irəliləyə bilmir, hətta götürdüyü yeni əraziləri itirməyə başlayıb. Bunun da səbəblərindən biri Rusiya ordusunun təminat və təchizatla bağlı problemləridir. Bu problemlər hələ də aradan qalxmayıb, əksinə, bir az da dərinləşib. Rusiya ordusu və Müdafiə Nazirliyində aparılan təmizləmə işi, həbslər və yeni müdafiə nazirinin təyin edilməsi nazirliyin işində boşluqlar yaradır. Yeni silahlar əldə etmiş Ukrayna həmin boşluqlardan istifadə edərək, rus qüvvələrini geri çəkilməyə məcbur edir. Təxmin edirəm ki, bu, yaxın bir ayda davam edəcək. Ən azı dalan vəziyyətindən çıxış olmayacaq. Yəni nə Ukrayna, nə də Rusiya irəli gedə biləcək.

Qərb silahları ilə Rusiya ərazisinə zərbələrin endirilməsi məsələsinə gəlincə, düşünmürəm ki, bununla bağlı hansısa qadağa və ya məhdudiyyət var idi. Bəlkə də ikinci-üçüncü dərəcəli NATO üzvü olan ölkələrin siyasətçiləri sadəcə diplomatik jest xatirinə belə bəyanatlar veriblər. Əslində, ilk növbədə, bu bəyanatı verən Almaniya və ABŞ idi, onlar da NATO-da aparıcı ölkələrdir. Amma sonra müəyyən məhdudiyyətlə bu silahlardan istifadəyə icazə verdilər. Əslində, bu silahlardan istifadə olunur. Düşünürəm ki, məhdudiyyətlərlə bağlı bəyanatlar manevr və vaxt udmaq xarakteri daşıyırdı ki, Rusiya bu silahların çatdırılması və daşınmasına problemlər yarada bilməsin. Bu, aldadıcı manevr idi.

Ukrayna Rusiya ərazilərini onsuz da vurur, Komi və Tatarıstan vilayətlərinə qədər gedib çıxır. Ukrayna Rusiyanın enerji və hərbi obyektlərinə cavab zərbələri endirir. Unutmayaq ki, Ukrayna son iki həftədə Rusiyanın iki mühüm radiolokasiya stansiyasını (RLS) vurub. Nə qədər zərərin olduğu açıqlanmasa da, həmin RLS-lər Rusiyanın nüvədən erkən xəbərdarlıq sistemlərinə daxildir. Qənaətimə görə, bu zərbələr Rusiyanın nüvə təhdidlərinə cavabdır, bunu da Ukraynanın əliylə etdilər.

- Bəs müharibədə ciddi dönüş və ya starteji dəyişiklik baş veribmi?

- Baş verməyib. Tərəflər qarşılıqlı olaraq bir-birlərinə zərbələr endirməklə məşğuldur – Rusiya Ukraynaya, Ukraynanın arxasında duran NATO da Rusiyaya... İndi proses belə gedir. Bu prosesin özü də vaxt udmağa hesablanıb. Artıq Qərb və ya Avropada istisna etmirlər ki, Rusiya ilə böyük müharibə ola bilər. Buna hazırlıq gedir. SSRİ dağldıqdan və soyuq müharibə bitdikdən sonra Qərb ölkələrinin hərbi sənayelərində ciddi geriləmələr olub. Bu gün, hətta Ukraynada müharibənin davam etdiyi vaxtda adi mərmi istehsalını normal və ya tələb olunan səviyyəyə çatdırmaq üçün resurs qıtlığı və imkanların məhdudluğu hiss olunur. Söhbət NATO ölkələrindən gedir. Bu səbəbdən də vaxt udmaq lazımdır ki, hərbi sənaye aktiv istehsal vəziyyətinə gətirilsin.

İndi bu müharibənin olub-olmayacağını söyləmək çətindir. Bu məsələnin müqəddəratı Ukraynada həll olunur. Düşünürəm ki, Ukraynaya bütün silahlardan istifadəyə icazə verilib. Şübhəsiz ki, Rusiyanın bütün obyektlərini vurmağa icazə verilməyib, Qərblə Ukrayna arasında müəyyən bir anlaşma var. Amma indi daha çox taktiki addımlar atılır. Bu addımlar da Ukrayna ilə yanaşı, Rusiyanın özünə də xeyli hərbi, siyasi və iqtisadi ziyan vurur. Hələlik görünən mənzərə budur.

Dediyim kimi, yaxın bir ayda hansısa dönüş anının şahidi olmayacağıq. Hələlik mövqe döyüşləri gedəcək. Əlbəttə, bundan istifadə edərək, Ukraynaya silahların verilməsi davam etdiriləcək, bunun üçün maliyyə ayrılıb. Avropa ölkələri və ABŞ bunu ayrı-ayrılıqda edir. Söhbət böyük məbləğlərdə yardımdan gedir. Dönüş o zaman yaranacaq ki, F-16 döyüş təyyarələri Ukraynaya çatdırılacaq, Kiyev də bundan istifadəyə başlayacaq. Bəli, həmin an dönüş olacaq və Rusiyanın itkiləri indiki ilə müqayisədə xeyli artacaq. Bu da Rusiyanın əl-ayağının bağlanması demək olacaq, əlbəttə, tamamilə yox, müəyyən mənada.

Digər bir dönüş nöqtəsi də o zaman olacaq ki, verilən hava hücumundan müdafiə sistemlərinin həcmi xeyli artırılsın və Ukrayna bununla öz səmasını bağlamağa müvəffəq olsun.

- Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev iddia edir ki, Moskva “dirçələn faşizmi məğlub etmək və qlobal terrorizmlə mübarizə aparmaq üçün yeni ittifaq” yaratmalı olacaq. Bu bəyanatın arxasında hansı niyyətlər durur, bu ittifaqı kimlərlə qurmaq istəyirlər?

- Hesab edirəm ki, Medvedevin verdiyi bəyanatlar heç bir halda reallığı əks etdirmir, dünyada da o qədər ciddi qəbul edilmir. İttifaq məsələsinə gəlincə, əlbəttə, Rusiya buna çalışır. Rusiyanın mövqelərini müdafiə edənlər yetərincədir. O cümlədən Macarıstan və Slovakiya Avropa Birliyi və NATO daxilində Rusiyanın mövqelərini müdafiə edirlər. İtaliyada da fərqli yanaşmalar var. ABŞ daxilində Tramp tərəfdarları da, Bayden administrasiyasının Ukrayna siyasəti ilə bağlı fərqli mövqe sərgiləyirlər. Amma onların heç biri ittifaq yaradacaq tərəfdaşlar deyil. Hətta möcüzə baş verib, Donald Tramp Ağ Evə qayıtsa belə, Rusiyanın müttəfiqi olmayacaq, bu, Avropa Birliyi və NATO üzvü olan Slovakiya və Macarıstan kimi ölkələrə də aiddir. Bu, mümkün də deyil.

Belə olan halıda, Rusiyanın ümidi post-sovet ölkələrinə qalır. Onlardan bəziləri KTMT daxilində Rusiyanın müttəfiqidirlər. Söhbət Qazaxıstan, Belarus, Qırğızıstan, Belarus, Ermənistan və Tacikistandan gedir. Heç burda da vəziyyət ürəkaçan deyil. Post-sovet məkanının bir hissəsinə Qərb də iddia edir, onlarla əməkdaşlıq və öz təsir dairəsinə almağa çalışır.

Digər yandan, Çinin Mərkəzi Asiyadakı rolu da diqqət çəkir. Əlbəttə, Rusiyanın müəyyən müttəfiq və tərəfdaşları olacaq. Amma bu, Medvedevin dediyimi mümkün deyil. İkinci Dünya Müharibəsi dövründə olan ritorika bu gün işləmir. Bu gün Rusiyaya qarşı dayanan Qərb güclü informasiya, maliyyə, iqtisadi və hərbi resurslara malik olduğundan, Moskvanın belə iddiaları heçə enir. Başqa sözlə, Rusiyanın bu iddiaları heç bir real amil və addımla möhkəmləndirilmir. Əlbəttə, Rusiyanın İran və Şimali Koreya kimi müttəfiqləri var və olacaq. Hələ İran da sual doğurur.

Bəs Çin olacaqmı? Bununla bağlı böyük sual var. Çin müttəfiq olacaqsa, bu, Rusiyaya nə qədər baha başa gələcək? Çin-Rusiya münasibətlərində də kifayət qədər ziddiyyətlər var. Düşünürəm ki, Medvedevin bəyanatı reallıqdan daha çox arzuya oxşayır. Əlbəttə, Rusiya təklənmiş durumdadır, elə bir durum yaranıb ki, Beynəlxalq Cinayətlər Məhkəməsi onun prezidentinin həbsinə order verib. İndi Rusiya beynəlxalq təcriddən çıxmağa çalışır. Etiraf eləməsələr də, beynəlxalq təcrid və sanksiyalar yaxın zamanlarda öz təsirini göstərəcək. Artıq göstərir. Bu durumda Medvedevdən gələn bəyanat daha çox təbliğat xarakteri daşıyır. Bunu həm də Rusiyanın təcriddən çıxmasına cəhd kimi də qiymətləndirmək olar.

- Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Qazaxıstana qarşı ərazi iddiası irəli sürüb. Tolstoy iddia edir ki, Qazaxıstan şəhərləri “tarixi rus əraziləri”dir. Bu nə anlama gəlir, niyə Qazaxıstan Rusiyanın hədəfindədir?

- Düşünmürəm ki, bu, birbaşa Qazaxıstanla bağlıdır. Bu bəyanat Putinin Çinə səfərindən sonra gəldi. Qəanətimə görə, bu, Çinlə Rusiya arasında olan geosiyasi məsələlərə dair prinsipial ziddiyyətlərdən qaynaqlanır. Qazaxıstan Çin üçün onun “Bir Yol, Bir Kəmər” layihəsində son dərəcə vacib tərəfdaşdır. Birinci dəfə deyil ki, Rusiya Qazaxıstanı Çinin təsir dairəsindən çıxarmağa çalışır. 2022-ci ilin yanvar hadisələrini xatırlasaq görərik ki, belə cəhdlər əvvəllər də olub. Nə qədər paradoksal olsa da, o zaman Qərb Rusiyanın mövqeyini dəstəkləmişdi, onda hələ Ukraynada müharibə başlamamışdı. Amma Çin faktiki Rusiyanı Qazaxıstandan çıxmağa məcbur elədi. Hətta Nazarbayev klanının çökdürülməsi və Nazarbayevin “siyasi irsinin dəyişdirilməsi”, Tokayevin nominal prezidentdən real prezidentə çevrilməsi – bunların hamısı öz nəticəsini vermədi. Qazaxıstan Çinlə yaxın tərəfdaş olaraq, öz xarici siyasət kursunda qaldı. Bu da Rusiyanı qane eləmir. Rusiya başa düşür ki, burada Qazaxıstanın seçimindən daha çox Çinin təsiri var. Beləliklə, Putinin Çin səfərindən sonra Tolstoyun bu qondarma ittihamlar dolu bəyanatı ortaya çıxdı.

Düşünmürəm ki, bu bəyanatın arxasında ciddi addımlar dayanır. Əlbəttə, Rusiya hansısa formada Qazaxıstana hərbi müdaxilə edə, orda Ukraynada olduğu kimi separatçı bölgələr yarada bilər. Bəs bu durum Çin-Rusiya münasibətlərinə necə təsir göstərəcək və Kremlin bundan qazancı itkilərindən çox olacaqmı? Bunlar ciddi suallardır. Bu sualların cavabını o zaman vermək olardı ki, Rusiya real addımlar atsın. Real addımların atılması təhlükəsi var.

Rusiya növbəti dəfə Mərkəzi Asiyaya müdaxilə edə bilər. Bu baxımdan, Putinin Çindən sonra Özbəkistana səfər etməsi təsadüfi deyil. Rusiya Özbəkistanla münasibətlərini möhkəmləndirməyə çalışır. Əlbəttə, Özbəkistan da Rusiyanın təzyiqlərinə məruz qalmamaq üçün müəyyən addımlar atır. Amma hədəfdə olan Qazaxıstandır. Çünki dediyim kimi, Qazaxıstan Çinin layihəsində yer alan ən mühüm ölkələrdən biridir. O səbəbdən də, bu bəyanatın daha çox Çinə yönəlik olduğunu düşünürəm.

- Ümumiyyətlə, dünyanın ayrı-ayrı ölkələri və bölgələrində sürətli silahlanma, artan gərginlik görürük. Cənubi Qafqaz, Yaxın Şərq, Uzaq Şərq və Şərqi Avropada kifayət kifayət qədər gərgin vəziyyət, fırtınadan öncəki səssizliyə bənzər durum hökm sürür. Nə baş verir, dünyanı nə gözləyir?

- Bunların hamısı artıq köhnəlmiş, obyektiv və subyektiv səbəblərdən öz əhəmiyyətini itirmiş qlobal geosiyasi konstruksiya və təhlükəsizlik sisteminin çöküşünün əlamətləridir. İndi onları əvəzləyəcək yeni konstruksiyalar qurulmalıdır ki, bu iş də heç vaxt dinc, danışıqlar və siyasi-diplomatik yollarla həyata keçirmir. Tarixə baxanda da görürük ki, belə dönəmlər həmişə müharibələrlə müşayiət olunub. Bu müharibələr artıq başlayıb. Proses Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və HƏMAS-İsrail qarşıdurması ilə başlayıb. Çin də aktiv şəkildə Tayvanı hədələyir. Pekin birbaşa müdafiə nazirinin diliylə müharibə anonsu verir, ABŞ müdafiə naziri də buna isti-isti adekvat tonda təpki göstərir. Bütün bu regional böhranlar üst-üstə yığılaraq, qlobal böhran yaradıb.

Böyük güclər bu böhranın çözülməsinin yollarından birini də müharibədə görürlər. Təbii ki, belə vəziyyətdə kimin qalib, kimin məğlub olması döyüş meydanında müəyyən olunur. Təəssüf ki, qanlı müharibələrdən keçən bəşəriyyət hələ də alternativ yol tapmayıb. Bu alternativ yol müharibə olmadan da müəyyən edə bilərdi ki, kimin şansı nə qədərdir, kim nə qədər qazana, nə qədər itirə bilər. Belə bir dəyərləndirmə və meyarlar sistemi olmadığından, dünya yenə müharibəyə sürüklənir. Təəssüf ki, indi bu risk olduqca yüksəkdir. Ümid edək ki, olmayacaq, amma artıq o müharibə başlayıb. Proses lokal və proksi müharibələr şəklində gedir. Amma bunların eyni vaxtda təsadüf etməsi göstərir ki, burada böyük maraqların toqquşması rol oynayıb.