Ermənistanda revanşist keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi aksiyaların mahiyyəti ilə bağlı fərqli mənzərə ortaya çıxır. Görünən odur ki, erməni kilsəsi özünün köhnə mahiyyətindən əl çəkmək istəmir. Erməni kilsəsi hər zaman Ermənistanla Azərbaycan arasında təxribatçı mövqedə oldub, düşmənçiliyi dərinləşdirməyə çalışıb. Bu, kilsənin fəaliyyətində özünü daha qabarıq formada göstərir.
Bunu Teleqraf.com-a ilahiyyatçı alim, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan kəndlərinin təhvil verilməsinə qarşı çıxan revanşist keşişin aksiyalar təşkil etməsi heç də təsadüfi deyil:
“Kilsə iki ölkə arasında münasibətlərin normallaşmasına maneə olmağa çalışır. Dini baxımdan isə bu ziddiyyətli mövqedir. Çünki səmavi dinlər xalqlar arasında sülhün, normal münasibətlərin qorunması və tənzimlənməsinə xidmət edir. Heç bir səmavi din öz ardıcıllarına düşmənçiliyi təbliğ etmir”.
Millət vəkilinə görə, xristianlıqda münasibətləri dostluq üzərində qurmaq tövsiyə edilir:
“Erməni kilsəsi isə siyasi proseslərə qarışmaqla yanaşı bu istiqamətdə mövqe sərgiləyir. Bu heç də dindən qaynaqlanan hal deyil. Kilsə mövcudluğunu, gücünü düşmənçiliyin körüklənməsində görür. Fakt odur ki, Ermənistanda kilsə uzun illər fəaliyyətini məhz bu müstəvidə qurub”.
Ceyhun Məmmədov bildirib ki, erməni kilsəsi düşmənçiliyi qızışdırmaqla böyük vəsaitlər əldə edir:
“Diasporadan, xaricdən maliyyə dəstəyi alaraq Ermənistanda kilsənin mövcudluğunu saxlamağa çalışan qüvələr var. Bu dəstək isə onlara ancaq Azərbaycan və Türkiyəyə qarşı olan düşmən yanaşma fonunda edilir. Düşmənçiliyi təbliğ etməklə kilsə erməni cəmiyyətində də nüfuzunu saxlamağa çalışır. İndiki halda Ermənistanda baş verən proseslərdə isə tək kilsə iştirak etmir. Birmənalı olaraq kənar güclərin də rolu çoxdur”.