Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fərqli fikirlər var. Yekun sülh mətni üzərində hansısa müzakirələrin aparılması ehtimalı azdır. Çünki bir çox problemlər mövcuddur. Ona görə də, tərəflər arasında danışıqlar davam edir.

Bunu Teleqraf.com-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

O qeyd edib ki, 10 noyabr 2020-ci ildə əldə edilmiş üçtərəfli bəyanatın müddəaları tam olaraq yerinə yetirilməyib:

“Azərbaycanın işğal altında olan 8 kəndindən dördü qaytarılır, digər dördünün taleyi ilə bağlı suallar varsa, bu prosesin davam etməsi deməkdir. Amma bütün bunlara rəğmən Qazaxıstan görüşü növbəti mərhələ üçün uğurlu addımdır”.

Partiya sədri hesab edir ki, Azərbaycan qalib tərəf kimi sülh üçün o qədər də tələskən davranmamalıdır:

“Almatı görüşü yeni bir tarixin yazılması baxımından vacib platforma ola bilər. 1991-ci ildə əldə olunmuş Almatı razılaşması, 1994-cü ildə imzalanmış Bişkek protokolu, 1999-cu ildə İstanbul sammitində də vaxtilə vacib müzakirələr aparılıb. Bişkek protokolu sadəcə olaraq Ermənistanla Azərbaycan arasında atəşkəsin əsasını qoymuşdu”.

Mirmahmud Mirəlioğluna görə, Qazaxıstan tarixi məkan olaraq vaxtilə də Almatı da əldə edilmiş razılaşma fonunda prosesin buradan başlayıb, burada da bitməsi amilini önə çıxırır:

“Əslində bu məsələlər çoxdan həll olunmalı idi. Sadəcə olaraq bəzi kənar pozucu qüvvələrin prosesə müdaxiləsi məsələlərin yubanmasına səbəb oldu”.