BAKI, 6 iyun. TELEQRAF

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli emitent defolt reytinqlərini (IDR) sabit proqnozla "BBB-"səviyyəsində təsdiqləyib.

Teleqraf xəbər verir ki, agentliyin proqnozuna görə, Yaxın Şərq münaqişəsinin yaratdığı yüksək neft qiymətləri fonunda ölkənin neft-qaz gəlirləri artacaq:

"Bu isə 2026-cı ildə suveren valyuta aktivlərinin 93 milyard ABŞ dollarına və ya proqnozlaşdırılan ÜDM-in 117%-nə qədər yüksəlməsinə səbəb olacaq. Bu vəsaitin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarında saxlanılacaq. Xalis suveren xarici aktivlər ÜDM-in 73%-nə çatacaq ki, bu da "BBB" kateqoriyasında reytinq alan ölkələr arasında ən yüksək göstəricidir. Eyni zamanda, yüksək enerji qiymətləri cari hesab profisitinin 2026-cı ildə ÜDM-in 9%-nə qədər artmasına imkan verəcək".

Agentlik, həmçinin hökumətin müdafiəyə və azad edilmiş ərazilərin yenidən qurulmasına prioritet verməyə davam etməsi fonunda 2026-cı ildə konsolidasiya edilmiş büdcə profisitinin ÜDM-in 5,6%-nə yüksələcəyini proqnozlaşdırır.