Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsində xüsusi rolu var. Regionda bir sıra mühüm iqtisadi, neft-qaz layihələrinin, nəqliyyat-kommunikasiya xətlərinin təşəbbüskarı, əsas iştirakçısı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına baxmayaraq, ölkəmizə münasibətdə hər zaman ayrı-seçkiliyin şahidi olmuşuq. Azərbaycan ədalətli müharibə apardı, 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Müharibədə qalib gəlməsinə baxmayaraq, rəsmi Bakı yenə də Ermənistana sülh təklif edir. Ancaq bunu nə Avropa, nə ABŞ-də qiymətləndirmir. Əlbəttə ki, ən əsas səbəblərdən biri onların Azərbaycanın geosiyasi müstəvidə yaratdığı yeni reallığı qəbul etmək istəməməsidir. Prezident İlham Əliyevin dediyi kimi, “biz elə layları tərpətmişik ki, bu, dünya təhlükəsizlik sistemində ciddi bir silkələnmələr, təsirlənmələr yaradır”. Bu isə məlum dairələri narahat edir.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olsa da, hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç vaxt Aİ və ABŞ-dan dəstək almayıb: “Əksinə ölkəmiz hər zaman ikili standartlarla, ayrı-seçkiliklə üzləşib. Bu onu deməyə əsas verir ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçiriləcək görüş regionda “yeni ayırıcı xətlərin” yaranması kimi qəbul etmək olar. Bunu Aprelin 3-də Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlərdən də aydın görmək olar. Belə ki, ölkə başçısı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Həmçinin, Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib. Dövlət başçısının İlham Əliyevin fikrincə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Beləliklə, Azərbaycan görüşün şəffaflığını və regional inklüzivliyini şübhə altına alır. Əgər ABŞ və Aİ həqiqətən sülhün nail olmasına çalışırlarsa, o zaman rəsmi Bakı müzakirələrdən kənarda qalmamalıdır. Bu səbəbdən də Azərbaycan onun narahatlığını və maraqlarını nəzərə alan daha əhatəli və şəffaf diplomatik prosesin tərəfdarı olduğunu bildirir”.

Komitə sədri bildirib ki, hazırda Ermənistanı himayə edən ölkələr, qüvvələrin bu hərəkətləri sadə erməni vətəndaşlarına yaxşı heç nə vəd etmir:

“Dünyada yeni nizam formalaşır, böyük siyasi mübarizə gedir. Ermənistan həmin güclər üçün sadəcə bir alətdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdi Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınacaq. Nə Aİ, nə ABŞ, xüsusən də Fransa Ermənistan naminə döyüşməyəcək, fransız silahları da ermənilərə kömək etməyəcək. Hazırda Ermənistanda Aİ və ABŞ-ın Azərbaycanla gələcək potensial münaqişələrdə İrəvanı qeyd-şərtsiz dəstəkləyəcəyi ilə bağlı illüziya yaranıb. Məhz buna görə də Azərbaycan tərəfi dəfələrlə bu məqamı vurğulamaqla Ermənistanın sabitliyi pozan istənilən hərəkətinə görə beynəlxalq ictimaiyyətin məsuliyyət daşıdığını bildirir. Azərbaycan gərginliyi artıra və sülh danışıqlarına mane ola biləcək hərəkətlərdən çəkinməyə çağırır. Bu, Azərbaycanın iplomatik həllə sadiqliyini və regionda növbəti münaqişənin qarşısını almaq istəyini əks etdirir”.