Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərində strateji baxımından bu ölkənin bölgəyə, sülh prosesinə baxışında heç bir dəyişikliyin olmadığı müşahidə edildi. Bunu Laçın yolu ilə bağlı Rusiya tərəfindən açıqlanan mövqedən də görmək olur. Burada yeni yanaşma kimi qəbul edilən mövqe Lavrovun Avropa İttifaqının Ermənistana göndərdiyi missiya ilə bağlı idi. Əslində bu da Rusiyadan verilən yeni bir bəyanat deyildi. Buna qədər Rusiya XİN-nin digər təmsilçiləri bu mövqedən çıxış etmişdi.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, hazırda Azərbaycanla Rusiya arasında müəyyən layihələr müzakirə edilir: “Bu istiqamətdə sözsüz ki, müəyyən bir potensial var. Enerji, nəqliyyat sahəsində mühüm layihələrin birgə icrası ilə bağlı konsepsiyalar var. Eyni zamanda Rusiyanın Cənubi Qafqazda sülhün bərqərar olması ilə bağlı mövqeyində də dəyişiklik yoxdur. Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə edilməsində də Rusiyanın konkret mövqeyi müşahidə edilmir”.
Fərid Şəfiyev hesab edir ki, belə olan halda Azərbaycan Brüssel palforması çərçivəsində sülh prosesində öz işini davam etdirəcək: “Amma indiki mərhələdə Brüssel platformasında da proqres müşahidə olunmur. Burada da tutarlı bir proses getmir. Sadəcə olaraq bu proses ətrafında fikir mübadiləsi aparılır”.