Fransanın davranışları göstərdi ki, bu ölkə dünya erməniliyinin girovluğundadır. Dünya erməniliyi, erməni lobbi təşkilatları korrupsiya yolu ilə əksər ölkələrdə siyasi dairələri ələ almağı bacarıblar. Fransa bu mənada ən çox korrupsiyaya uğramış ölkələrdəndir. Ona görə də, Fransadan davamlı olaraq Azərbaycana qarşı məkirli cəhdlər var.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
O hesab edir ki, 2020-ci il Vətən müharibəsinin gedişində və ondan sonra Fransa parlamentində Azərbaycana qarşı qərəzli müzakirələr başladıldı:
“Bunun ardınca isə Fransa senatında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edildi. 2022-ci ildə Fransa parlamentinin hər iki palatasında Azərbaycana qarşı heç bir fakta əsaslanmayan məkirli qətnamələrə səs verildi. Aşkar şəkildə bu “qətnamələrdə” Azərbaycan ərazisində separatizmə dəstək öz ifadəsini tapmışdı. Sözsüz ki, bu yanaşmalar heç bir sağlam məntiqə sığmır. Çünki Avropa ölkələrinin demək olar ki, əksəriyyəti real separatizm potensialına malikdir. Yəni, istənilən Avropa ölkəsində separatizmin baş qaldırması real və ciddidir. Beləliklə, Fransa əslində bu cür davranışları ilə Avropanın təhlükəsizlik arxitekturasına ölümcül zərbə vurmuş olur. Amma buna baxmayaraq Fransanı idarə edən təbəqə o dərəcədə korrupsiyalaşıb ki, onlar ümumavropa maraqlarını da nəzərə almırlar”.
Deputatın fikrincə, Fransa və Ermənistanın BMT-də etdikləri cəhdlərin fiaskoya uğramasından sonra onlar başqa bir “planı” işə salıblar:
“Məqsədləri hər zaman Azərbaycanın yanında olan, ona öz dəstəyini nümayiş etdirən Türkiyəni neytrallaşdırmaqdan və yaxud da ki, onun diqqətini yayındırmaqdan ibarətdir. Azərbaycan 44 günlük müharibədə ən yaxın dəstəyi məhz qardaş Türkiyədən gördü. Eyni zamanda Azərbaycanla Türkiyə arasında münasibətlərin xarakteri mövqelərimizi əhəmiyyətli dərəcədə gücləndirir. Bununla da biz öz milli maraqlarımızı inam və qətiyyətlə qoruya bilirik. BMT-də son müzakirələr bir daha göstərdi ki, Azərbaycan özünün təsir imkanlarına malik bir dövlətdir”.