Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Azərbaycanın sülhə nail olmaq üçün atdığı addımları, göstərdiyi təşəbbüslərin effektivliyi nəticəyə nə dərəcədə təsir edəcək?
- Azərbaycan heç bir diplomatik təzyiqdən istifadə etmək istəmir. Sadəcə bölgədə möhkəmlənməliyik, güclənməliyik ki, günün birində sülhü özümüz təmin edə bilək. Ermənistan hələ də ümid edirsə ki, bizim sərhədləri aşıb yenidən Azərbacana müdaxilə edə bilər, bu, absurd yanaşmadır. Bu, Ermənistanın bir dövlət kimi məhvinə gətirib çıxaran addım olar. Ona görə də bizim sülh məsələsində çox da israrlı olmağımızın bir adı yoxdur.
- Düşünürsünüz ki, Azərbaycan sülh üçün israrlı olmalı deyil?
- Ermənistana sülh bizdən daha çox lazımdır. Çünki hələ də Azərbaycan əsgərinin silahından barıt qoxusu getməyib. İstənilən vaxt Ordumuz qarşı tərəfə layiqli cavab verə bilər. Ermənistana nisbətən indi Azərbaycanın coğrafi üstünlüyü də artıb. Kəlbəcərdə, Laçında, Şuşada Azərbaycan Ordusu güclü mövqe tutub.
44 günlük müharibədə isə Azərbaycan Ordusunun strateji imkanları aşağı səviyyədə idi. Ordumuz ona qarşı yaradılan bütün maneələri yarıb keçərək uğur qazandı. İndi vəziyyət tamam fərqlidir.
- Belə olan halda Ermənistan hansı xülyalardan danışır?
- Əslində Ermənistan daxilində bu gün də didişmələr davam edir. Azərbaycan isə özünə qarşı hər hansı təhlükəyə qarşı mövqeyini gücləndirir. Bununla ölkəmiz bölgədə söz sahibi olduğunu bir daha təsdiqləyir.
- Prezident İlham Əliyev Bakı Qlobal Forumunda ərazi bütövlüyümüzə qarşı Ermənistanın iddiaları fonunda tarixi torpaqlarımızı gündəmə gətirdi. Bu məsələdə ölkəmiz hansı tarixi, siyasi, hüquqi üstünlüklərə malikdir?
- Bunu ölkə Prezidenti açıqladı. Əslində dövlət başçısı cəmiyyətə bir mesaj verdi. Çünki bu məsələ ciddi şəkildə qaldırılmalıdır. Bizim məmurlarımız isə hələ də yuxudadırlar. Onlar anlamırlar ki, təşkilatlanmış formada Zəngəzur, Göyçə məsələsini qaldırmaq lazımdır. Ultimatum verilməlidir ki, Göyçə ətrafında olan ərazilər boşaldılsın. Çünki ora tarixi Azərbaycan əraziləridir. Ona görə də belə məsələlərdə dövlət məmurları daha aktiv olmalıdır. Dövlət başçısı bu kimi məsələlərdə istiqamət verir. Amma bunu məmurlar davam etdirə bilmir.
Bu, çox gözəl bir ideyadır. Dövlət başçısı bildirir ki, Azərbaycan Qarabağda ermənilərə hansı hüququ verirsə, Göyçədə, Zəngəzurda da azərbaycanlılara eyni status verilməlidir. Bu olmadıqda Ermənistan tərəfi hər hansı bir iddia ortaya qoya bilməz. Ona görə də bunu geniş ictimaiyyət arasında mübarizəsi, təbliği aparılmalıdır.
Dövlət rəsmiləri, təşkilatlar bunu beynəlxalq platformada təbliğ etməlidirlər. Vicdanlı, dürüst şəxsləri toplayıb bu istiqamətdə bir hərəkat yaratmaq olar. Əslində ölkə başçısının səsləndirdiyi tezislər ictimaiyyətdən gələn çağırışlar kimi gündəmdə saxlanılmalıdır.
- Avropa İttifaqının rəsmisi Prezident İlham Əliyevin Qarabağdakı ermənilərlə və ölkəmizin sülh gündəliyi ilə bağlı mövqeyini bəyəndiklərini açıqlayıb…
- Ermənistan rəhbərliyinin indiki halda məsələlərə baxışı prosesin həlli istiqamətində görünür. Amma onların Ermənistanda hansı təzyiqlərlə üz-üzə qaldıqları da bizə bəllidir. Ona görə də, bu kimi məsələlərdə Azərbaycan da israrçı kimi görünmür. Bütövlükdə isə “statusla” bağlı hər hansı söhbəti Azərbaycan qəti olaraq yaxına buraxmır. Buna qarşı Azərbaycanın Ermənistan ərazisində olan tarixi torpaqları ilə bağlı məsələni gündəmdə saxlamaq lazımdır. Bunu aktuallaşdırmaq vacibdir.
Çünki nəyisə inkar etdikdə ona qarşı bir alternativ ortaya qoyulmalıdır. Amma biz bu məsələni siyasi mövzu olaraq aktuallaşdıra bilməmişik.
- Düşünürsünüz ki, ərazi iddiasına qarşı tarixi Azərbaycan torpaqlarının istənilməsi Ermənistanın tezislərinin əhəmiyyətini heçə endirə biləcək?
- Prezident İlham Əliyevin əsas hədəfi məhz bu məsələnin aktuallaşmasıdır ki, ermənilərin tezisləri əhəmiyyətini itirsin. "Nə verə bilərsənsə, onu alacaqsan" prinsipi üzərində iş qurulmalıdır. Bu baxımdan qısa zamanda soyuq başla düşünən insanlardan ibarət Zəngəzura, Göyçəyə, İrəvana ərazi iddiası ortaya qoya bilən azərbaycanlılar meydana çıxmalıdırlar. Bununla bağlı bir təbliğat şəbəkəsi ortaya qoyulmalıdır. Qarşı tərəf görməlidir ki, bizdə də bunu tələb edirlər.
Dövlət siyasətində bu kurs artıq ciddi şəkillənmiş formada təqdim edilməlidir. Bu baxımdan Avropa İttifaqının da proseslərə yaxınlaşmasını müşahidə etmək olur. İndi reallıq dəyişib. Dünyada Qarabağın “statusu” ilə bağlı tələblər ancaq təxribat məqsədi ilə müəyən qonşularımızdan eşidilir. Əslində isə “status” məsələsi həll olunub. Qarabağda yaşayan ermənilərə Azərbaycan Konstitusiyası ilə hüquq veriləcək.
Ermənilərin “təhlükəsizliyi və hüquqları” ilə bağlı səslənən məsələyə də aydınlıq gətirilməlidir. Çünki azərbaycanlıların ermənilərdən qorunmaq təhlükəsi var. Vəhşi, torpağı dağıdan, binanı uçuran, insani dəyərlərdən uzaq bir erməni mövcuddur. İşğaldan azad edilən bölgələrə getdikdə görünən mənzərə bu fikri bir daha möhkəmləndirir.
- ABŞ-ın Ermənistandakı səfirliyi xalq diplomatiyasına başlamaq üçün 400 min dollar vəsait ayırıb. İndiki halda bu formatın prosesin gedişinə müsbət təsirini necə görürsünüz?
- Əslində xalq diplomatiyası üçün yaxşı şərait var. İndi belə bir addım atmaq olar. Azərbaycanda bir qrup Zəngəzuru, bir qrup Göyçəni, bir qrup da İrəvanı tələb etsə, bunun xalq diplomatiyasına zərəri olmayacaq. Çünki biz əvvəl-axır siyasiləşmiş xalqa çevrilməliyik. Buna da imkan yaratmaq lazımdır. Bu məqsədlə qrantlar ayrıla bilər.
Erməni cəmiyyəti ilə təmasın olması da mümkündür. Biz qalib xalqıq. Qalib xalq olaraq təşəbbüskar olduğumuzu göstərməliyik. Bu kontekstdə xalq diplomatiyasını zərərli bir ideya kimi görmürəm. Əksinə biz məğlub olduğumuz vaxtda bu, bizim üçün zərərli idi.
Xalq diplomatiyası bizim cəmiyyətdə bir qədər qıcıq yaratsa da, amma qarşı tərəflə müəyyən söhbətlərin aparılması alt səviyyədə bir sıra məsələlərin həllinə təkan verə bilər.