Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, İtaliyanın Milan Məhkəməsi 2018-ci ildə sabiq deputatlar Müslüm Məmmədov və Elxan Süleymanova, eyni zamanda italiyalı deputat Luka Volonteyə qarşı cinayət işi başlatmışdı. Siz necə düşünürsünüz Azərbaycanın diplomatik manevr imkanlarını məhdudlaşdırmaq kimlərin marağında idi?

- Yalnız bu məsələdə deyil, başqa məqamlarda da Azərbaycana qarşı ittihamlar, əsassız böhtanlar, təxribatlara əl atılıb. Bu, bəlkə dünyada başqa bir dövlətə qarşı tətbiq edilməyib, Azərbaycandan başqa hansısa dövlətə qarşı bu dərəcədə ədalətsizlik olmayıb. Bunun da çox sadə bir cavabı var. Çünki müstəqil dövlət olmaq çox çətindir. Əgər böyük qüvvələrin içərisində, dünya dövlətlərinin qarşısında müstəqil siyasət aparırsansa, böhtanların, təxribatların olması da qaçılmaz olur.

- Bu ittihamlar daha çox diplomatlara qarşı idi, yoxsa başqa rakurslarda da belə cəhdlər edilirdi?

- AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mənə qarşı da zaman-zaman bu cür absurd sanksiyalar irəli sürülmüşdü. Bir diplomat kimi bu cür ittihamlara məruz qalmışdım. Bu, sözsüz ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə yalan və böhtanlar üzərində qurulmuş bir təzyiq idi. Nümayəndə heyətinin rəhbəri kimi mənə qarşı irəli sürülən böhtanlara nəzər salsaq görərik ki, ümumiyyətlə, orada heç nə yoxdur.

- Azərbaycana qarşı hansısa sanksiyaları tətbiq etmək üçün bu qədər geniş bir plan hazırlamaq hansı zərurətdən yaranmışdı?

- Məqsəd o idi ki, sadəcə olaraq sanksiyaların Azərbaycana qarşı tətbiq edilməsinə nail olunsun, Azərbaycan nümayəndə heyətinin səsi AŞPA-da gur çıxmasın. Amma bu cəhdləri də alınmadı, iflas oldu. Əksinə Azərbaycanın səsi AŞPA-da daha gur eşidilməyə başlandı. Çünki Azərbaycan öz gücünə Qarabağı erməni işğalından azad etdi. İndi də vaxtilə bizə qarşı işləyən qüvvələr başqa imkanlar axtarırlar. Amma dünya artıq kimin kim olduğunu çox gözəl bilir. Bu məsələlərin haradan qaynaqlandığını da hamı görür. Məqsəd o idi ki, beynəlxalq təşkilatlarda, ümumiyyətlə dünya ictimaiyyətinə Azərbaycanı mənfi bir obrazda təqdim etsinlər. Bununla da ölkəmizin Avropaya inteqrasiyasını və inkişafını əngəlləsinlər. Daha sonra isə ölkəmizi başqa qüvvələrin təsir dairəsinə salmaq məqsədi var idi. Bunun isə haradan qaynaqlandığını hər kəs yaxşı bilirdi.

- Nəticə necə oldu?

- Azərbaycanı bu istiqamətdə idarə etmək mümkün olmadı. Çünki Azərbaycan xalqı öz müqəddəratını, taleyini, müstəqilliyini əbədi olaraq qazanıb. Ölkəmizin və xalqımızın əlində elə bir imkanlar var ki, buna qarşı bütün qüvvələr acizdir. Bu da ulu öndər Heydər Əliyev fəlsəfəsi və Prezident İlham Əliyevin müdrik, yüksək diplomatik bacarığıdır. Çünki zaman-zaman Azərbaycana qarşı olan ittihamlara başqa-başqa adlar qoymuşdular. Gah bunu “kürü diplomatiyası” adlandırdılar, amma bu cəhd də baş tutmadı. Daha sonra uydurma “Panama” məsələsi ortaya atıldı. Bu da iflas oldu. Məqsədləri məhz başqa-başqa adlarla bizi gücdən, taqətdən salmaq idi. Bunun üçün də müxtəlif “adlar” fikirləşirdilər. Bizə nə qədər çamur atmağa çalışsalar da alınmadı.

- AŞPA-nın siyasi məhbuslarla bağlı öhdəliyi olmadığı halda Azərbaycanla bağlı belə bir məruzənin hazırlanması barədə nümayəndəyə verilən göstəriş nədən qaynaqlanırdı?

- Bütün bunların hamısı Azərbaycan qarşı təşkil edilmiş informasiya müharibəsinin cizgiləri idi. Hətta bundan başqa hallar da çox yaşandı. Bir müddət öncə Avropa Parlamentində guya erməni abidələrinin qorunması ilə bağlı qəbul edilən “sənəd” bu istiqamətdə bizə qarşı olan oyunların növbəti təzahürü idi. Azərbaycanın mədəni, dini abidələri dağıdılıb, viran ediləndə səslərini çıxarmırdılar, amma bizə qarşı “qətnamə” qəbul edirlər. Absurd olan məsələ budur. Düşünmək olmaz ki, bu cür təxribatlar bitib. Sözsüz ki, bu qüvvələr dayanmayacaq. Bundan sonra da bizə qarşı başqa-başqa istiqamətlərdə hücumlər, təxribatlar edəcəklər. Çünki Azərbaycan nə qədər güclənib, müstəqil siyasət aparacaqsa, belə halları görəcəyik. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın önəmi bu gün ən yüksək səviyyəyə qalxıb. Bu o deməkdir ki, bizə qarşı növbəti ciddi təhdidlərin olması da mümkündür. O vaxt isə Ştrasserin həmin məruzəsi bizə qarşı olan proseslərin bir cizgisi idi. O dövr Azərbaycana qarşı ədalətsiz müharibə davam edirdi. Ötən günlərdə bizimlə müttəfiqlik sənədini imzalayan Rusiyanın RİA Novosti dövlət agentliyi Qarabağdakı separatçılardan birinin müsahibəsini yaydı. Rusiyanın dövlət agentliyi bununla da Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almış oldu. Haqlı olaraq Azərbaycan da bu agentliyin ölkəmizdə yayımını dayandırıb. Məhz bu hallar bizə qarşı olan təxribatların hələ də davam etdiyini göstərir.

Xatırladaq ki, Milan Məhkəməsi bir neçə il davam etmiş məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında M.Məmmədov, Volonte və E.Süleymanovun barəsində yalnız 3 epizod üzrə (2012-ci ilin dekabr ayı ilə 19 mart 2013-cü il aralığında) hökm çıxardı və digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi “ittihamçıların” hər biri barədə 4 il azadlıqdan məhrumetmə qərarı çıxarmışdı. Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və nəhayət, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apellyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, Müslüm Məmmədov və E.Süleymanov barəsində Milan birinci instansiya Məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi.