Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru, dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti martın 31-də Polşanın Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdə 6 apreldə keçirilməsi planlaşdırılan Brüssel görüşü barəsində pozitiv gözləntilərini ifadə etmişdi: "Dövlət başçısı vurğulamışdı ki, “Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək". Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə 4 saatdan artıq davam edən danışıqların yekunlarına diqqət yetirsək, ölkə başçısının gözləntilərinin tam olaraq özünü doğrultduğunu müşahidə edə bilərik.

Tamam Cəfərova hesab edir ki, nəticə etibarilə Azərbaycanın gündəliyi Brüssel görüşündə tam olaraq təmin edilib: "Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində real şanslar yaranıb. Azərbaycanın tarixi qələbəsilə başa çatmış Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Yəni Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Artıq Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyinin müəyyənləşdirilməsində də məhz yaranmış yeni reallığa əsaslanır”.

Millət vəkili qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatın əsas məqamlarına diqqət çəkib: “Sənədin özəyini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması təşkil edir. Bu məqsədlə xarici işlər nazirlərinə sülh müqaviləsinə hazırlıq işləri ilə məşğul olmaq tapşırığı verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əldə edilən razılaşma əsas amil hesab edilir. Bu razılaşma ilə aprelin sonuna qədər birgə sərhəd komissiyasının çağırılmasını nəzərdə tutulur. Razılığa görə komissiyanın mandatına ikitərəfli sərhədin delimitasiyanın həyata keçirilməsi, sərhəd boyunca və sərhəd yaxınlığında təhlükəsizliyin stabil vəziyyətinin təmin edilməsi kimi məsələlər daxildir. Sənədin digər vacib tərəfi liderlərin tərəflər arasında və geniş mənada Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpa edilməsi üzrə razılıq əldə etməsidir. Avropa İttifaqı tərəfləri kommunikasiyaları açmağa çağırmaqla kifayətlənmir. Bəyanata görə Aİ əlaqə kanallarının inkişafını İqtisadi və İnvestisiya planı və ümumi layihələrin müəyyən edilməsi üçün İqtisadi məşvərətçi forumu vasitəsilə dəstəkləməyə hazırdır”.

Deputatın fikrincə, Bəyanatın vacib məqamlarından biri də humanitar xarakterli məsələlər idi: “Humanitar sahədə ölkəmizi maraqlandıran məsələlər ərazilərin minalardan təmizlənməsi və itkin düşmüş şəxslər problemi idi. Ermənistan öz növbəsində öz hərbçilərinin geri qaytarılmasında maraqlı idi. Azərbaycan üçün çox vacib olan mina problemində Avropa İttifaqı ekspert konsultasiyaları və maliyyə yardımının artırılması formasında Azərbaycana dəstək göstərəcəyini bəyan edir. Bəyanatda həmçinin münaqişədən əziyyət çəkmiş əhaliyə yardımın ediləcəyi, reabilitasiya və rekonstruksiya layihələrinin gerçəkləşəcəyi qeyd edilir. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, 44 günlük müharibədən sonra münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. Brüssel platforması yaxın gələcəyin reallığıdır”.

Tamam Cəfərova vurğulayıb ki, Bəyanatda həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın müddəalarına tam riayət etmə zərurəti təsdiqlənir: “Ermənistan razılaşmanın qanunsuz silahlı qüvvələrin çıxarılması və Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəalarını icra etməkdən boyun qaçırır. Ermənistanın qeyri-konstruktiv davranışı onun xarici havadarlara güvənməsi ilə izah olunurdu. Lakin Şarl Mişelin timsalında Aİ-nın 10 noyabr razılaşmasının tam icra edilmə zərurətini vurğulaması Ermənistanı bu məsələdə arxalandığı qüvvələrdən birinin dəstəyindən məhrum edir. Bəyanatın məzmunu Cənubi Qafqazda stabil vəziyyətlə regionun Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı arasında düz mütənasib əlaqənin mövcud olmasından xəbər verir. Avropa İttifaqı yaxşı dərk edir ki, Rusiya ilə qlobal geosiyasi qarşıdurma və enerji resurslarına qiymətlərin yüksək olması kontekstində alternativ enerji mənbələrinin əhəmiyyəti dəfələrlə artır. Hazırda Aİ Rusiya enerji resurslarından intensiv imtina etmə planı üzərində işləyirlər. Planın özəyini karbohidrogen resurslarla zəngin ölkə və regionlarla yüksək səviyyəli əməkdaşlığın qurulması təşkil edir. Belə regionlardan biri Xəzər hövzəsidir. “Burda biz çox vacib bir nəticəyə gəlirik: enerji resurslarının Avropaya təhlükəsiz çatdırılması hal-hazırda Avropa ittifaqının həyati-vacib marağıdır. Bu həyati-vacib marağın reallaşdırılması isə Cənubi Qafqazda sülh və stabilliyin təmin edilməsindən keçir. Beləliklə, Avropa İttifaqının son aylar regionda sülh quruculuğu işlərində xüsusi marağını bu geosiyasi kontekst çərçivəsində izah etmək olar. Digər tərəfdən unutmayaq ki, Xəzər hövzəsi Azərbaycandan savayı həmçinin neft və qaz ilə zəngin Qazaxıstan və Türkmənistanı da özünə daxil edir. Perspektivdə bu iki ölkənin də Avropanın enerji təhlükəsizliyində iştiraka cəlb edilməsi Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin həll edilməsini tələb edir. Brüssel görüşündən az əvvəl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə dördtərəfli Transxəzər Nəqliyyat Dəhlizinin açılması haqqında saziş imzalayıblar. Bu, Xəzər dənizi - Qara dəniz hövzəsinin siyasi-iqtisadi çəkisinin artmasının əyani sübutudur. Regionun əhəmiyyətinin artması ilə isə Avropa İttifaqının regiona diqqəti düz mütənasib əlaqədə yüksəlir. Lakin qeyd etdiyimiz kimi bütün layihələrin uğur dərəcəsi regional məsələlərin nizamlanmasından çox asılıdır”.