Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Azərbaycanın Ermənistana sülhlə bağlı təklifinə qarşı tərəf yeni də ənənəvi şəkildə cavab verib. Sizcə, bu cür iddialarla prosesi nə dərəcədə irəliyə aparmaq mümkün olacaq?

- Artıq erməni tərəfinin özü də bilmir ki, siyasətini hansı istiqamətdə təşkil etsin. Onlar başa düşür ki, bütün variantlarda Azərbaycanın təqdim etdiyi, gündəmə gətirdiyi, formalaşdırdığı reallığı qəbul edəcəklər. Ona görə də prosesi bəlli olmayan bir zamana qədər uzatmaq cəhdləri var. Düşüncələri də odur ki, bu reallığı hansısa bir formada dəyişdirə bilərlər. Amma bu asan bir məsələ deyil. Bunun Zəngəzur dəhlizi məsələsində də hər kəs şahidi oldu. Sözsüz ki, Zəngəzur dəhlizi aktual və vacib bir nəqliyyat qovşağı kimi yaxın zamanlarda həllini tapacaq. Amma indi Azərbaycanın əlində yeni imkanlar var. Azərbaycanla İran arasında imzalanan tarixi Memorandum məhz bu amili daha da gücləndirir. İran ərazisindən keçəcək dəhlizlə Naxçıvana və oradan da Türkiyəyə çıxış təmin edilir.

- İranla əldə edilən razılaşma Ermənistan üçün hansı çətinliklər yaradacaq?

- Bununla da Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalır. Ermənistan bu prosesi nə qədər çox uzatsa, bu məsələyə əngəl yaratsa belə, yekunda Azərbaycanın müəyyənləşdirdiyi prinsiplər reallaşacaq. Sadəcə olaraq Azərbaycan indiki halda konstruktiv yanaşmalar sərgiləyir. Ölkəmiz Ermənistanla ümumi sülh siyasətinin bağlanması ilə bağlı israrlı siyasət aparır. Bu baxımdan Ermənistan çaş-baş siyasət yürüdür. Belə olan halda Azərbaycan öz prinsiplərini məhz bu əsasda daha çox gücləndirir.

- Qarşı tərəfin gündəliyi nədən ibarətdir?

- Erməni tərəfi növbəti dəfə başqa bəhanələrlə və iddialarla gündəmə gəlir. Zaman keçdikcə proseslər Ermənistanın ziyanına işləyir. Artıq onların nə istədikləri də o qədər anlaşılmır. Antalya Diplomatiya forumuna qatılan Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da açıqladı ki, Türkiyə ilə danışıqlar prosesindən məmnunuq. O digər tərəfdən də Azərbaycana qarşı da ərazi iddialarının olmadığını söylədi. Onun yanaşmalarına görə, Qarabağ məsələsi hüquqi bir məsələdir. Məhz bu müstəvidə proses həll olunmalıdır. Amma sözsüz ki, bir-birini inkar edən, ziddiyət təşkil edən bəyanatlar Ermənistanın prosesin gedişində vaxt udmaq cəhdinə hesablanıb. Amma onlar vaxtı udaraq hansı istiqamətdə gedəcəklərini belə bilmir. Bu, Ermənistanın ənənəvi siyasətidir. Amma sonda Azərbaycanın təqdim etdiyi reallıqları qəbul etməyə məcbur olacaqlar. Bundan başqa bir yol da yoxdur.

- İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər. Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə prinsiplərə isinadı haqqında nə demək olar?

- Ermənistan tərəfi həmişə bu prinsiplərə istinad etməyə çalışıb. Azərbaycan isə həmişə buna cavab verib. Millətlərin öz müqəddəratını təyin etməsi ərazi bütövlüyü ilə bağlı heç bir əlaqəsi yoxdur. Digər tərəfdən bu sənədlərə istinad etməyin də heç bir mənası yoxdur. Çünki ermənilər bir dəfə öz müqəddəratını Ermənistan vasitəsi ilə müəyyən ediblər. Bundan sonra belə bir imkana malik ola bilməzlər. Çünki müstəqillik və müqəddərat bir dəfə müəyyən edilir. Eyni zamanda digər vacib məqam ondan ibarətdir ki, ermənilər indi heç özləri də bilmirlər ki, nədən yapışsınlar. Ona görə də köhnə, gündəmdə olmayan artıq tarixin arxivinə göndərilmiş Minsk qrupuna, Helsinki Yekun Aktına yenidən baxılması mümkün ola bilər. Avropa təhlükəsilik sisteminə də yenidən baxılması mümkündür. BMT-nin özünün fəaliyyətinə yenidən nəzər yetiriləcək. Avropa Şurasından Rusiyanın çıxarılması bu qrumda da bir sıra məsələlərin həllini vacib edir. Avropada yeniliyi görməyib, köhnə ənənələrdən yapışmaq o deməkdir ki, onların heç bir perspektivi yoxdur.

- Mövlud Çavuşoğlu da açıqladı ki, Azərbaycanla Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac yoxdur. Sizcə, belə olan halda ATƏT indiki gərgin siyasi çəkişmələr müstəvisində Ermənistana nə dərəcədə faydalı ola bilər?

- Bu gün yaranan reallıq və gedən proseslər Ermənistanın əleyhinə işləyir. Artqı İran da Ermənistanı kənarda saxladı. Rusiyanın özü artıq başqa bir siyasi çəkidə proseslərə yanaşacaq. Eyni zamanda burada hansısa bir dövləti bir-birindən ayrı salmaq niyyətindən də söhbət getmir. Azərbaycanın belə bir məqsədi də yoxdur. Sadəcə olaraq dövlətimiz elə bir layihələri təqdim edir ki, bu ölkələrin milli maraqlarına da uyğun gəlir. Çünki İranın özü də 30 il işğalçılıq etmiş, separatçılıqla məşğul olmuş bir dövlətlə əlaqələrin heç bir perspektivinin olmadığını görüb. Aparılan siyasət məhz ona dələlət edir ki, digər ölkələrin də milli maraqlarına xidmət edir. Ermənistan da bundan faydalana, Azərbaycanla, Tükiyə ilə əlaqələri bərpa edib dirçələ bilərdi. Sözsüz ki, zaman etibarı ilə bütün bu məsələlər öz həllini tapacaq.

- Ermənistanın Azərbaycanla mümkün dialoqdan qaçması nə ilə bağlıdır?

- Ermənistan ilk dəfə deyil ki, danışıqlardan boyun qaçırır. Bununla bağlı Parisdə olan məlum hadisəni də unutmaq olmaz. Daha sonra isə gördülər ki, qaçmaqla bir iş alınmayacaq, təxribatlara əl atdılar. Amma bu metod da alınmadı.

- Son günlər Prezident İlham Əliyevə Avropa liderləri, ABŞ dövlət katibi arasında danışıqlar olub. Prosesi necə qiymətləndirməliyik?

- ABŞ dövlət katibinin bununla bağlı öz Tvitter səhifəsində paylaşımı da var. Onlar artıq başa düşürlər ki, Azərbaycan lideri ilə münasibətləri yüksək səviyyədə saxlamaqla regionda özlərinə yer qazana bilər. ABŞ dövlət katibinin hümanitar yardım məsələsində Azərbaycan liderinə təşəkkür etməsi birbaşa Qərbin ölkəmizin beynəlxalq nüfuzuna olan münasibətdir. Azərbaycanın milli maraqlarının dövlət başçısı tərəfindən yüksək səviyyədə təmin edilməsini Qərb dövlətləri diqqətlə izləyir. Regionda olan ölkələr də Azərbaycanın apardığı xarici siyasətə hörmətlə yanaşır.