Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirk:
- Fazil bəy, İlham Əliyev-Paşinyan görüşünün yaxın zamanlarda baş tutması mümkündürmü?
- Daha geniş şəkildə münasibətlərin yaranması üçün bu görüş baş tutmalıdır. Bu görüş də beynəlxalq hüququn prinsipləri əsasında aparılmalıdır. Yəni, beynəlxalq hüquq nəyi diktə edirsə, sərhəd və digər məsələlər də onun əsasında həll edilməlidir. “Dünən biz burdaydıq, sabah orada olacağıq” anlayışı ilə məsələyə yanaşmaq qətiyyən yolverilməzdir.
- Qarşılıqlı əlaqələr üçün formul necə müəyyənləşə bilər?
- Güzəştlər qarşılıqlı olmalıdır. Biz Laçın dəhlizini veririksə, qarşı tərəf də mütləq Zəngəzur dəhlizini açmalıdır. Əgər bu olmayacaqsa, Laçın dəhlizi də bağlana bilər. Çünki burada hər şey səmimi, qarşılıqlı münasibətlərlə həll edilməlidir.
- Erməni cəmiyyəti Zəngəzur dəhlizi ilə bağlı məsələni niyə anlamır və yaxud anlamaq istəmir?
- Bunu erməni cəmiyyətinə izah etmək çətin olmamalıdır. İzah olunmalıdır ki, siz özünüzü hansısa bir şəkildə imtiyazlı sayırsınızsa, bu, əsaslandırılmış olmalıdır. İzah edilməlidir ki, bu imtiyazlar nədən ibarətdir. Onlara yol olacaqsa, bizə niyə olmamalıdır? Naxçıvanda yaşayan azərbaycanlılar hansı əsasla sıxıntıda qalmalıdır? Ona görə də bu məsələdə kifayət qədər ciddi arqumentlər var.
- Laçın və Zəngəzur dəhlizləri qarşılıqlı güzəşt üçün president təşkil edə bilər?
- Sözsüz ki, Laçın və Zəngəzur dəhlizi qarşılıqlı güzəşt üçün ən yaxşı amildir. Bu güzəşt olmayacaqsa, Azərbaycan tərəfi də bundan imtina edəcək. I Qarabağ müharibəsindən qalmış məsələlərin həlli, itkin vətəndaşlarımızın taleyi ilə bağlı hazırkı yaranmış reallıqda qarşı tərəfdən dəqiq məlumatların verilməsi tələb olunmalıdır. Eyni zamanda minalı ərazilərin xəritələrinin təqdim olunması məsələsi də vacib amildir. Ona görə də bu məsələlərin hər biri masa üzərində həll olunmalıdır.
- Sülh üçün sadalanan məsələlər nə dərəcədə əsaslıdır?
- Sülhdən başqa seçim yoxdur. Bu bölgədə ermənilər rahat yaşamaq istəyirsə, bu seçim üzərində dayanmalıdırlar. Bu arqumentlər də turarlıdır. Ermənilərin də bundan geri çəkilmək imkanı yoxdur. Bu, Ermənistan üçün də çıxış yoludur. Sözsüz ki, bölgədə əbədi müharibə olduqca çətin bir durum yarada bilər.
- Qarabağda yaşayan erməni vətəndaşlarla bağlı tərəflərin razılığı hansı prinsiplər üzərində qurulmalıdır?
- Azərbaycan dövləti öz ərazisində yaşayan erməni əsilli vətəndaşlarla bağlı konkret addımları sadalayıb. “Status” olmayacaq, amma ermənilərin Azərbaycan vətəndaşı kimi hüquqlarının qorunmasına tam təminat verilir. Bu da açıq və şəffaf formada təmin ediləcək. Kimsə də bununla bağlı başqa düşüncələrə qapıla bilməz. Orada yaşayan ermənilər üçün təhsil, mədəni haqları ilə bağlı heç bir problem olmayacaq. Məhz bu məsələləri tərəflər açıq danışmalıdır. Həmçinin tərəflərin öz cəmiyyətinə açıq məlumat verməsi də vacibdir.
- Azərbaycan və Ermənistan arasındakı görüşlər və təmaslar üçün vasitəçi amili nə dərəcə zəruridir?
- Burada vasitəçiyə ehtiyac yoxdur. Hər iki dövlətin rəhbəri rus dilində heç bir vasitəçi olmadan danışa bilir. Gələcəkdə sülh sazişi imzalandıqdan sonra da diplomatik münasibətlərin qurulmasından söhbət gedə bilər.
- Türkiyə ilə Ermənistan münasibətləri hansı müstəvidə tənzimlənməlidir?
- Qardaş Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına Azərbaycan yardım edə bilər. Bölgədə əlaqələrin qurulması ilə iqtisadi layihələrdə Ermənistanın iştirakı məsələsi də müzakirə edilə bilər. Məhz bu məsələlər ilkin olaraq sülhdən asılıdır. Bundan sonra bölgədə düşmənçilik ab-havasının aradan qalxması üçün ciddi addımlar atılmalıdır.
- Ermənistanın sülh, əməkdaşlıq yanaşmasına nə dərəcədə inanmaq olar?
- Ermənilər bunu istəməsə, onların necə dirçələcəyi bəlli olmayacaq. Çünki son variantlar da onlar üçün keçərli olmadı. İran vasitəsi ilə Azərbaycana təzyiqləri alınmadı. Çünki Azərbaycan dövləti kifayət qədər gücə və potensiala malikdir. Ölkəmizin həmçinin güclü müttəfiqləri var. Ona görə də bizimlə bu formada danışıq dövrü artıq arxada qalıb. Bu səbəbdən də Ermənistan tərəfi bu kimi məsələlərdə daha konstruktiv mövqe tutmalıdır. Amma bu mümkün olmadığı halda Azərbaycanın hər bir məsələ ilə bağlı atacağı addımları da mövcuddur.
- Sərkisyan-Köçəryan dövründə Ermənistan qanunvericiliyinə daxil edilmiş absurd əsasnamələr var. Bunlar müsbət gedişatıa necə təsir edə bilər?
- Sözsüz ki, bu cür absurd məsələlər prosesə müəyyən dərəcədə maneə yarada bilər. Amma Ermənistanın reallıqdan çıxış etməsi daha vacibdir. Bu reallığa əhəmiyyət verməyib yenidən “Qarabağ Ermənistan ərazisidir” deyib hay-küy salsalar, proses çətin ki, irəliləyə bilsin. Amma son vaxtlarda müşahidə edilən odur ki, Paşinyan da “status” məsələsindən danışmır. Hətta zamanında Qarabağın, 7 rayonun Azərbaycana qaytarılmasının vacibliyindən bəhs edir. Ona görə də ermənilərin indidən rasional davranması onların xeyrinə ola bilər.
- Artıq iki ölkə mülki təyyarələrin hərəkəti üçün hava məkanını açıb. Bunu sülh üçün başlanğıc saymaq olarmı?
- Müharibə bitibsə, mümkün daşınmaların qarşısını almaq Azərbaycana və Ermənistana sərf etmir. Hətta Türkiyə ilə hava yolunun açılması Ermənistanın maraqların tam uyğundur. Sözsüz ki, artıq bəzi məsələlərdə irəliyə baxmaq daha məntiqlidir. Hava məkanının açılması hər iki tərəfin faydasına olubsa, bundan imtina etmək ağılsızlıq olar. Ermənistanda da bunu başa düşməyə çalışırlar. Digər məsələlərdə də erməni tərəfi bu cür anlayış sərgiləməyə çalışacaq. Çünki əks halda gecikmək artıq başqalarının prosesə daxil olması demək olacaq. Bu da Ermənistan üçün heç də faydalı deyil.