Ötən gün Cəbrayıl rayonunda səfərdə olan dövlət başçısı İranın Azərbaycanla bağlı siyasətini tənqid etdi. Vurğulandı ki, İran rəsmilərinin son bəyanatları, açıqlamları Azərbaycanda ciddi narazılıqlar yaradıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, İranın Azərbaycanla bağlı iddialarının heç bir əsası yoxdur:

“Azərbaycanın hansısa bir kənar qüvvə, xüsusən də İsrail tərəfindən idarə olunması kimi absurd məsələlər sözsüz ki, haqlı narazılıqlar, etirazlar doğurur. Dövlət başçısı da bununla bağlı sərt şəkildə öz etirazını bildirdi”.

Millət vəkili hesab edir ki, İranın hansısa bir mollasının Azərbaycanla bağlı yanlış fikirləri tirajlamağa çalışması məntiqsiz, uğursuz, arzuolunmaz bir yanaşmadır:

“Sözsüz ki, bütün bunların hamısı əsassız fikirlərdir. Azərbaycanda heç bir kənar qüvvə mövcud deyil. Ölkəmizi heç bir kənar qüvvə idarə etmir. Dövlətimiz müstəqil siyasət yürüdür. Əgər İranın doğrudan da belə bir iddiaları varsa, hansısa bir fakt göstərsin”.

Ceyhun Məmmədov İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimlərə də münasibət bildirib:

“İran Azərbaycan əraziləri işğalda olduğu dövrdə bu cür təlimləri icra etməyib. Onun indiki şəraitdə 130 km-dən artıq bir sərhəd xəttində bu cür təlimləri keçirməsi heç bir məntiqə əsaslanmır. Görünür, İran hansısa bir məsələlərdə özü üçün narahatlıq hiss edir. Azərbaycan-Türkiyə-Pakistanın birgə hərbi təlimlərindən sonra Iranın belə bir narahatlığı da başa düşülən deyil. Sözsüz ki, son günlərin əsas mövzusu İran yük maşınlarının qanunsuz olaraq Azərbaycan ərazisinə, Xankəndinə yük daşıması ilə bağlı idi. Azərbaycan bununla bağlı özünün qanuni, suveren, inzibati imkanlarını tətbiq etdi. Görünür, Gorus-Qafan yolunda Azərtbaycanın yaratmış olduğu post da İran üçün ayrıca bir narahatlıq mövzusudur. Amma bütün bunlar Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınan ərazisində həyata keçirilib. Ölkəmizdə hanısa hərbi təlimlərin icra edilməsi heç bir halda üçüncü dövlətə qarşı yönəlməyib”.