BAKI, 30 noyabr. TELEQRAF
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasına, o cümlədən tərksilah məsələsi ilə bağlı öhdəliklərinə sadiqdir.
Teleqraf xəbər verir ki, bunu hərəkatın nümayəndəsi Hazim Qasım "Teleqram" kanalında açıqlayıb.
“HƏMAS atəşkəs razılaşmasının icrasına, o cümlədən Fələstin qruplaşmaları və Sülh Şurası tərəfindən təsdiqlənmiş yol xəritəsinə uyğun olaraq silah məsələsinin həllinə sadiq qalır”, – o bildirib.
Qasım vurğulayıb ki, İsrail də razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Qəzzanın blokadasını aradan qaldırmalı və bölgəyə humanitar yardımların çatdırılmasını təmin etməlidir.
Açıqlama Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun İsrailin bölgədə beynəlxalq sabitləşdirmə qüvvələrinin statusuna dair sazişi ratifikasiya etdiyini bildirməsindən sonra verilib.
Mladenovun sözlərinə görə, bu addım Qəzzanın tərksilahı, keçid idarəetməsi və bərpası istiqamətində praktiki fəaliyyətə başlanmasını yaxınlaşdırır.
Xatırladaq ki, razılaşmaya əsasən, İsrail qoşunları “sarı xətt” adlandırılan mövqelərə çəkilsə də, Qəzza zolağının 50 faizindən çoxuna nəzarəti saxlayır.
Razılaşmanın ikinci mərhələsi İsrail qüvvələrinin bölgədən çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini, Qəzzanın idarə olunması üçün müvafiq strukturların fəaliyyətə başlamasını və HƏMAS-ın tərksilahını nəzərdə tutur.