BAKI, 30 noyabr. TELEQRAF

İsrail hökuməti HƏMAS-ın tərksilah edilməsi məqsədilə beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzza zolağına yerləşdirilməsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Nazirlər Kabineti noyabrın 29-da axşam saatlarında ilkin pilot layihə çərçivəsində beynəlxalq sabitləşdirmə qüvvələrinin Qəzza zolağına daxil olmasına icazə verib. Bunun yalnız bir məqsədi var – HƏMAS-ı tərksilah etmək. İsrailin məqsədi aydındır və dəyişməzdir”, – bəyanatda qeyd olunub.

Nazirlik İsrailin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində göstərdiyi səylərə görə ABŞ Prezidenti Donald Trampa, həmçinin Qəzza üzrə Sülh Şurasına təşəkkür edib.

Bildirilib ki, İsrail Qəzza ilə bağlı bütün məsələlərdə ABŞ və Sülh Şurası ilə əməkdaşlığı davam etdirəcək.

İsrail XİN HƏMAS-ı əldə olunmuş razılaşmaları pozmaqda və Qəzzada hakimiyyətini qorumağa çalışmaqda ittiham edib.

Nazirlik həmçinin HƏMAS və digər silahlı qruplaşmalar tam tərksilah edilmədən Qəzzada genişmiqyaslı bərpa işlərinə başlanılmayacağını açıqlayıb.

“HƏMAS tərksilah edilməyənə və bütün Qəzza zolağı hərbsizləşdirilməyənə qədər heç bir yenidənqurma işinə başlanılmayacaq”, – bəyanatda vurğulanıb.

Eyni zamanda, İsrailin mülki əhalinin ehtiyaclarının qarşılanması, sanitariya şəraitinin yaxşılaşdırılması və qış mövsümünə hazırlıq istiqamətində fəaliyyət göstərdiyi bildirilib.

Xatırladaq ki, 2025-ci il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs planının birinci mərhələsinə dair razılıq əldə olunub.

Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının Qəzzadan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və bölgədə yeni idarəetmə strukturlarının yaradılmasını nəzərdə tutur.