BAKI, 1 avqust. TELEQRAF
Ermənistanın işğalından azad olunan Ağdərə rayonunun daha iki kəndinə köç başlayır.
Teleqraf xəbər verir ki, avqustun 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində hər iki yaşayış məntəqəsinə qayıdacaq ailələr arasında püşkatma keçirilib.
Sakinlər yaxın günlərdə rayonun Vəng və Kolatağ kəndlərinə yola salınacaqlar.
Ağdərə işğaldan azad edildikdən sonra rayonda tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir. Vəng və Kolatağ kəndlərində sakinlərin daimi yaşayışı üçün hər cür şərait yaradılıb, evlər, sosial müəssisələr təmir olunub, lazımi infrastruktur quraşdırılıb.
Xatırladaq ki, indiyə qədər Ağdərə rayonunun Suqovuşan qəsəbəsi, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.
Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad edilib.
1992-ci ildə ləğv edilən Ağdərə rayonu 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa olunub.